Bakı. 17 avqust. REPORT.AZ/ "Son zamanlar məni narahat edən məsələlərdən biri də televiziyalarda tibbi klinikalarla bağlı verilişlərin artmasıdır".
Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, sağlamlıqla bağlı verilişlərdə həddindən çox və eyni xarakterli statistik ifadələr təkrarlanır: "Düzdür, sağlamlıq verilişləri vacibdir. Amma bu cür proqramlar həddən artıq ifrata varanda öz məqsədinə çatmır, əks effekt yaradır. Çox təəssüf ki, bu məsələdə ifrata varılır".
Şura sədri qeyd edib ki, günün müəyyən saatlarında televiziya kanallarında eyni formatlı verilişlərin yayımlanması yalnız Azərbaycanda deyil, bütün dünyada mövcud olan sistemdir: "Bizim televiziya kanalları da xarici ölkə TV-lərinə baxırlar və ona uyğun addımlar atmaq istəyirlər. Televiziyalarda mətbəx verilişləri də həddən artıq çoxdur. Bu, mən narahat edir. Amma, bu, təkcə bizim ölkədə deyil, digər ölkələrdə də televiziya aləminə xas olan xüsusiyyətdir. Mən təxminən saat 12:00-dan saat 18:00-dək efirmizdə baxmağa normal veriliş tapa bilmirəm. Çünki daha çox mətbəx və sağlamlıqla bağlı verilişlər olur".