Bakı. 1 fevral. REPORT.AZ/ "Azərbaycan televiziyalarında yayımlanan "Maşa və Medved", "Buz dövrü" kimi cizgi filmlərində zorakılıq elementləri mövcuddur".
Bunu "Report"a açqılamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Onun sözlərinə görə, şura telekanallara zorakılıq hallarını təbliğ etməyən cizgi filmləri yayımlamağı tövsiyə edib: "Bəzi cizgi filmlərində zorakılıq halları müşahidə olunur. Əslində, bu hallar əyləncə xarakteri daşıyır, amma bu filmlər onları seyr edən uşaqlarda aqressiya yarada və ya həmin hərəkətləri təkrar etmək kimi vərdişlər yarada bilər. Bəzi psixoloqlardan, ekspertlərdən bu məsələ ilə bağlı müraciətlər alırıq. Biz də telekanallara tövsiyə edirik, çalışıb elə cizgi filmləri yayımlasınlar ki, orada uşaqların aqressiyasına səbəb olan zorakılıq halları az olsun. Onu da qeyd edim ki, bu gün efirdə aqressiya doğuran çizgi filmləri çox az yayımlanır".
T.Dadaşov bildirib ki, yerli cizgi filmlərinin qıtlığı var və bu səbəbdən də telekanalların başqa variantı qalmır: "Yerli cizgi filmləri az olduğu üçün televiziyalar əcnəbi filmləri efirə verirlər. Bu filmlər çox zaman çəkilən ölkələrin öz psixologiyasına uyğun olur və ya efirdə müəyyən bir saatlar üçün nəzərdə tutulur. Bizim kanallar isə bəzən həmin cizgi filmlərini günün istənilən saatında yayımlayırlar".
Son zamanlar "Mədəniyyət" telekanalında çox maraqlı milli cizgi filmlərinin yayımlandığını deyən şöbə müdiri onu da əlavə edib ki, milli cizgi filmlərinin çəkilməsi üçün dövlət tərəfindən maliyyə yardımının ayrılması məsələsi hələlik aktual deyil.