Monitorinq Mərkəzində “Dublyajlar və Azərbaycan dili” adlı tədbir keçirilib

Monitorinq Mərkəzində “Dublyajlar və Azərbaycan dili” adlı tədbir keçirilib Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Dublyajlar və Azərbaycan dili” adlı tədbir keçirilib.
Media
12 May , 2022 12:38
Monitorinq Mərkəzində “Dublyajlar və Azərbaycan dili” adlı tədbir keçirilib

Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Dublyajlar və Azərbaycan dili” adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, dublyaj filmlərində aparılan monitorinqin nəticələrinin təqdim edilməsi və mövcud sahədə boşluqların müzakirəsi məqsədilə təşkil olunmuş tədbirdə Mərkəzin əməkdaşları, televiziya kanallarının dublyaja məsul nümayəndələri və bu sahədə fəaliyyət göstərən şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva kütləvi informasiya vasitələrində ardıcıl aparılan monitorinqlərin nəticəsində aşkar edilən nitq faktlarının ictimaiyyətə açıqlandığını bildirib.

Dövlət dilinin düzgün tətbiqi məqsədilə telekanallarda nümayiş olunan dublyaj filmlərinin də monitorinqlərin predmeti olduğunu bildirən S.Əliyeva mövcud sahədə kifayət qədər nöqsanların mövcudluğunu qeyd edib.

Professor Sevinc Əliyeva bildirib ki, filmlər aid olduğu xalqın dil, bədii təfəkkür və yaradıcılığını əks etdirdiyindən dillər və mədəniyyətlər arasında fərqlər nəzərə alınmadıqda mətnin hərfi tərcüməsi özünü doğrultmur. Məhz bu səbəbdən tərcümə ilə məşğul olan şəxsin hər iki dili, xüsusən də dilin xüsusi qatını təşkil edən frazeoloji birləşmələri mükəmməl bilməsi, dillərin qrammatik quruluşuna dərindən bələd olması olduqca vacibdir. Mövcud sahədəki problemlərə də toxunan Sevinc Əliyeva mənbə dildəki mənanın təhrif edilməsi, səsləndirmə zamanı orfoepiya qaydalarına riayət olunmaması, bəzən məişət üslubuna yaxın ifadələrin işlədilməsi hallarını təəssüf hissi ilə qeyd edib.

Mərkəzin aparıcı mütəxəssisi Günel Hacıyeva dublyaj filmlərində bir ay müddətində aparılan monitorinqin nəticələrini təqdim edərək monitorinq zamanı orfoepik, leksik və qrammatik norma pozuntularının müəyyən edildiyini, eyni zamanda yalnış ifadələr və tərcümə zamanı üslub xətalarına geniş təsadüf olunduğunu bildirib. Serial və filmlərdə aşkar edilən dil faktlarını əyani şəkildə iştirakçılara təqdim edən G.Hacıyeva həmin nöqsanları geniş şərh edərək müvafiq izahını verib.

Mövcud sahədəki qüsurların müzakirəsi ilə davam edən tədbirdə telekanalların nümayəndələri və səsləndirmə prosesində yaxından iştirak edən mütəxəssislər dublyajla bağlı tələblər və tərcümə zamanı diqqət edilməsi vacib olan məqamlara aydınlıq gətiriblər. Ümumi qəbul olunmuş milli mental dəyərlərin, yaş kateqoriyasının nəzərə alınmasının zəruriliyi diqqətə çatdırılaraq mükəmməl işin ərsəyə gəlməsi üçün redaktor, rejissor və aktyor əməkdaşlığının vacibliyi də vurğulanıb. Dublyajların dil məsələsinə də toxunan qonaqlar frazeoloji birləşmələrin tərcüməsinin sinxron səslənmədə yaratdığı çətinliklərdən bəhs ediblər.

Aparılan müzakirələrin yekunu olaraq dublyajlarda ədəbi dil normalarının tətbiqində boşluqların aradan qaldırılması üçün praktik təkliflər irəli sürülərək Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi