Mətbuat Şurası bəyanat yayıb

Mətbuat Şurası bəyanat yayıb Mətbuat Şurası 3 may Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə bəyanat yayıb.
Media
3 May , 2023 13:08
Mətbuat Şurası bəyanat yayıb

Mətbuat Şurası 3 may Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda deyilir:

"Əsasını dahi mütəfəkkir Həsən bəy Zərdabinin qoyduğu Azərbaycan mətbuatının qayəsində cəmiyyətin inkişafına və tərəqqisinə xidmət amalı dayanır. Müstəqillik illərində Azərbaycan mediası bu amalı rəhbər tutaraq fəaliyyət göstərib. Mediamız ötən müddətdəki inkişaf yolunda 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün təsisi ilə bağlı prinsiplərə də sadiqlik xətti götürüb, çalışıb ki, plüralist fikir cəmiyyətin müxtəlif qütblərinin maraqlarının ifadəçisinə çevrilsin.

Azad sözə müstəsna dəyərin verildiyi ölkəmizdə bu baxışın təminatçısı qismində çıxış edən Azərbaycan dövlətidir. Ulu öndər Heydər Əliyevin media siyasətini, onun jurnalistikaya diqqət və qayğı ənənəsindəki varislik prinsipini qoruyan, bu kursu fundamental əsaslarla zənginləşdirən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, eləcə də reallaşdırdığı islahat proqramları onu deməyə əsas verir ki, ölkəmizdə müstəqil fikrin inkişafı üçün möhkəm təməl var.

Dövlətimizin başçısının Ulu Öndər Heydər Əliyevin senzuranın aradan qaldırılması iradəsinə söykənmiş islahatlarının tərkib hissəsi olaraq, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsini, redaksiyaların maddi- texniki bazasının möhkəmləndirilməsini və digər təşkilati dəstək mexanizmlərinin tətbiqini yüksək qiymətləndiririk. Sevindirici haldır ki, islahatçılıq ənənəsi məntiqi davamını çap məhsullarının əlavə dəyər vergisindən azad edilməsində, jurnalistika fəaliyyəti ile bağlı məsuliyyətin artırılmasına yönələn qanunvericilik təşəbbüsləri də tapır. Azərbaycan jurnalistləri isə genişlənən informasiya məkanının tələblərinə adekvat fəaliyyət əzmini bəyan edərək, inkişafın müasirləşmə xəttini hədəf seçirlər.

Medianın özünütənzimləmə qurumu olan Mətbuat Şurası, həmçinin, Medianın İnkişafı Agentliyi və bu konfransın iştirakçıları hesab edirlər ki, həm milli mətbuatımızın ənənələrinə sadiqlik, həm də Azərbaycan dövlətinin gözləntilərini doğrultmaq peşəkarlığın daha da artırılmasını, mətbu sözün təəssübünü çəkməyi, sanbalını qorumağı mühüm vəzifə kimi müəyyənləşdirməkdədir. Biz, Azərbaycan jurnalistlərinin fəaliyyətlərində bu meyarları nəzərə almağa, milli və ictimai maraqlar naminə jurnalist peşəsinin prinsiplərini ardıcıl surətdə yerinə yetirməyə, hadisə və proseslərə münasibətdə obyektivliyə, həssas davranışa, daim ümumvətəndaş mövqeyi prizmasından çıxış etməyə çağırırıq.

Bu qənaətdəyik ki, azad sözün nüfuz dairəsinin genişlənməsində, ona ictimai münasibətlərin katalizatoru kimi hörmətlə yanaşılmasında davamlılığı təmin etmək üçün media sahəsindəki neqativ meyillərin və jurnalist adından sui-istifadələrin aradan qalxması son dərəcə vacibdir. Əmin olmaq istərdik ki, həqiqi jurnalistlər, əsl qələm sahibləri, özünü cəmiyyətə informasiya verilməsinə məsul sayan peşəkarlar bu məqama ciddi diqqət yetirəcək, mətbu məkanımızdakı neqativ tendensiyalara qarşı barışmaz, mövqe tutacaqlar.

Biz, eyni zamanda, dövlət qurumlarının təmsilçilərini, ayrı- ayrı məmurları, ictimai şəxsləri və vəzifə sahiblərini medianın məlumatlandırma missiyasına hörmətlə yanaşmağa, jurnalistlərin cəmiyyəti obyektiv və operativ informasiyalarla təminatı ilə bağlı məsuliyyətini nəzərə almağa, bununla da azad sözün imkanlarının dövlətimiz və xalqımız naminə göstərməyə çağırırıq. Daimi səfərbər olmasına dəstək Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və "Azərbaycanda media azadlığı: plüralizm prinsipləri və vətəndaş cəmiyyəti quruculuğuna dəstək" mövzusundaki konfransın iştirakçıları Azərbaycan jurnalistlərini 3 may Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır".

Son xəbərlər

Orphus sistemi