MEDİA “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb

MEDİA “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb Azərbaycan Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb.
Media
142
12 May , 2022 12:26
MEDİA “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb

Azərbaycan Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb.

Bu barədə "Report" Agentlikdən məlumat verilib.

Bildirilib ki, məktubda Təşkilatın “2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi”nə münasibət bildirilərək, demokratik cəmiyyətin mühüm komponentlərindən biri olan media və ifadə azadlığının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun olaraq tam təmin edildiyi, medianın inkişafının dövlətin prioritet fəaliyyət istiqaməti olduğu vurğulanıb.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması, media islahatlarının dərinləşdirilməsi, özəl sektoru media ilə əməkdaşlığa cəlb edən böyük layihələrin reallaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi qeyd edilərək, müvafiq beynəlxalq reytinqlər tərtib edilərkən bu müsbət təşəbbüslərin nəzərə alınmamasından təəssüf hissi keçirildiyi bildirilib.

Bildirilib ki, 2021-ci ildə “Sərhədsiz Reportyorlar” Təşkilatının rəsmi veb-saytında xidməti vəzifələrini yerinə yetirərkən ermənilərin Kəlbəcər rayonuna basdırdıqları minaya düşərək həlak olan jurnalistlərlə bağlı məlumatın təhrif edilərək təqdim edilməsi, faciənin əsl səbəbi və mahiyyətinin açıqlanmaması, həmin məlumatın qərəzli olaraq Azərbaycanın əleyhinə istifadə edilməsinə imkan yaratmış və əsassız yanaşmaların formalaşması ilə nəticələnmişdir.

“2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi” ilə əlaqədar Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri xanım Janna Kavelyenin “Amerikanın Səsi” beynəlxalq multimedia xəbər təşkilatına müsahibəsində səsləndirdiyi fikirlər, o cümlədən Azərbaycanın yeni reytinqini əsaslandırmaq üçün irəli sürülən arqumentlər özlüyündə tutarlı əsaslara söykənmir və müvafiq İndeks Azərbaycanda media azadlığının vəziyyəti ilə bağlı obyektiv reallığı əks etdirmir.

Məktubda “Media haqqında” Qanunun müvafiq maddələri bir daha izah edilir, Azərbaycanda jurnalist fəaliyyətinə görə heç kimin həbs edilmədiyi vurğulanır və istənilən sahədə inkişafın qarşılıqlı hörmətə, konstruktiv əməkdaşlığa, bütün tərəflərin obyektiv, qərəzsiz yanaşmasına əsaslanmalı olduğu bildirilir: “İnanırıq ki, bir neçə mənbədən, o cümlədən bizim mənbələrdən istifadə edilməsi “Sərhədsiz Reportyorlar” Təşkilatının təqdim etdiyi xəbərlərin və hesabatların dəqiqliyini, obyektivliyini və etibarlılığını artıracaq, ixtilafa yol açan halları aradan qaldıracaq”.

Məktubun sonunda bir daha qeyd edilir ki, Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” Təşkilatı, eləcə də media sahəsində fəaliyyət göstərən digər təşkilatlarla dialoqa hazırdır.

Son xəbərlər

Orphus sistemi