MEDİA-nın icraçı direktoru: “Həqiqətlərin dünyaya çatdırılması istiqamətində jurnalistlər öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər”

MEDİA-nın icraçı direktoru: “Həqiqətlərin dünyaya çatdırılması istiqamətində jurnalistlər öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər” “Həqiqətlərin dünyaya çatdırılması istiqamətində jurnalistlər öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər”
Media
27 Dekabr , 2023 11:01
MEDİA-nın icraçı direktoru: “Həqiqətlərin dünyaya çatdırılması istiqamətində jurnalistlər öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər”

Dövlətin yürütdüyü modernləşmə kursu, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə, informasiyalı cəmiyyətə keçid, ölkənin dünya informasiya məkanına daxil olması dövlətin və cəmiyyətin qarşısında yeni vəzifələr müəyyənləşdirib.

"Report" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda konfransında deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı ölkə Prezidenti İlham Əliyevin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir.

“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin möhtəşəm Zəfərə imza atması bütün sahələrdə olduğu kimi medianın da fəaliyyətində dönüş yaratmışdır. Vətən müharibəsi günlərində Azərbaycan Prezidentinin dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr beynəlxalq auditoriyanın diqqətini cəlb etməklə, mövzu üzrə informasiya manipulyasiyalarının qarşısının alınmasına təsirsiz ötüşməmiş, tarixi Zəfərin qazanılmasında son dərəcə əhəmiyyətli olub”, - o deyib.

Ə.İsmayılov qeyd edib ki, ölkə haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyətindən ruhlanan jurnalistlər də öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər:

“Təsadüfü deyildir ki, dövlət başçısı cəmiyyətdə baş verən hadisələr haqqında əsas informasiya qaynaqlarından biri kimi medianın rolunu daim yüksək qiymətləndirmiş və onun ictimai nəzarət funksiyasına böyük önəm verdiyini həmişə vurğulamışdır”.

MEDİA-nın icraçı direktoru vurğulayıb ki, tarixi qələbə ilə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, həmin Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması milli informasiya məkanında davamlı inkişafa nail olunmağın dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.

“Yeni dövrün milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirməsi daim nəzərə alınır, media məkanında sürətli qloballaşma prosesi gedir. Cənab Prezidentin imzaladığı “Media haqqında Qanun” Azərbaycanın milli informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabilliyyətini artırmağa, informasiya məkanının təhlükəsizliyinin təmin edilməsinə, media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə ciddi töhfədir. Azərbaycan mediası bu gün Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi