"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin növbəti qrupunun təlim proqramı yekunlaşıb.
Agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, jurnalistika peşəsinin sirlərini öyrənən, monitorinq və sorğulara qoşulan 8 jurnalistə sertifikat təqdim edilib.
"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev proqramın iştirakçıları ilə görüşdə bildirib ki, Media Məktəbinin bu buraxılışı bir qədər həssas vaxta düşüb: “Bu, əslində, əlavə bir imkandır. Ekstremal şəraitdə işləmək hər bir jurnalistə lazımdır. Ümid edirəm, bu 2 ayda baza biliklərini mənimsəyə bilmisiniz. Bundan sonrakı mərhələdə gərək öz üzərinizdə çalışasınız. “Report”un da qapıları üzünüzə hər zaman açıqdır. Koronavirus dövrü olduğundan, karantin qaydalarına əməl edərək bir-bir gəlib praktik bacarığı artırmaq olar. Vakansiya açıldıqca, hər hansı sahəyə ehtiyac duyulduqca, Report Media Məktəbinin tələbələrini işə cəlb edirik”.
Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu hərbi vəziyyətin tədris prosesinə ciddi təsir etdiyini qeyd edib: “Media Məktəbin bir üzvü hazırda cəbhədə düşmənlə döyüşür. Ümid edirik ki, sağ-salamat geri dönüb sertifikatını ala biləcək. Bu tədris dövründə proqramı tam mənimsədik. Böyük efir təcrübəsi olan Valeh Dadaşovla, təcrübəli jurnalist Əsgər Əlioğlu, rəqəmsal marketinq üzrə mütəxəssis Günay Cəfərli ilə maraqlı ğörüşlərimiz oldu. Videosorğu, fotoreportaj hazırladıq, monitorinq və müsahibələr keçirdik. İmitasiya xarakterli mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanı da küncə sıxışdırdıq. Dağlıq Qarabağ uğrunda gedən döyüşləri həyəcanla izləyərək informasiya müharibəsinin iştirakçısına çevrildik”.
Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media Məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.