"1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova jurnalistikaya yeni gələn gənclərin siyasi mövzuda yazmaqdan çəkindiklərini bildirib.
"Report" xəbər verir ki, baş redaktor bu barədə Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.
“Gənc jurnalistlər siyasətin çətin sahə olduğunu düşünürlər. Halbuki bu istiqamət maraqlı və cəlbedici ola bilər. Digər tərəfdən, peşəkar jurnalist istənilən mövzuda yaza bilməlidir”, - baş redaktor söyləyib.
K.Məmmədova qeyd edib ki, jurnalistika daim inkişaf etməyi və öyrənməyi tələb edir.
“Jurnalistlər hər gün nəsə yeni bir şey öyrənirlər. Digərlərinin bəlkə də sezə bilmədiyi xəbəri onlar tapıb hazırlayırlar. Böyük xəbər axınında əhəmiyyətli olanı duya bilməlisən. Eyni zamanda hər hansı bir xəbərin paylaşılmasında gündəm əsas faktorlardan biridir. İnformasiya auditoriyanın anlaya biləcəyi aydın bir dildə yazılmalıdır”, - o deyib.
Kəmalə Məmmədova 1987-ci il aprelin 17-də Bakıda anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin “Radio və telejurnalistika” fakültəsində magistr dərəcəsini bitirib. 2008-ci ildə Day.az saytında müxbir kimi fəaliyyətə başlayıb. 2009-2013-cü illərdə ingilisdilli news.az saytında çalışıb. 2014-cü ildə müxbirliyə başladığı "1news.az" informasiya saytında 2021-ci ildən baş redaktor kimi çalışır.