“İzvestiya”: Azərbaycanda prezident seçkiləri necə keçdi?

“İzvestiya”: Azərbaycanda prezident seçkiləri necə keçdi? Azərbaycanda prezident seçkiləri keçirilib. Hazırkı dövlət başçısı İlham Əliyev 92 faiz səs toplayaraq qələbə qazanıb və beşinci müddətə seçilib. Kampaniyanın əsas özəlliyi səsvermənin Qarabağda ilk dəfə baş tutması idi.
Media
8 Fevral , 2024 21:32
“İzvestiya”: Azərbaycanda prezident seçkiləri necə keçdi?

Azərbaycanda prezident seçkiləri keçirilib. Hazırkı dövlət başçısı İlham Əliyev 92 faiz səs toplayaraq qələbə qazanıb və beşinci müddətə prezident seçilib. Kampaniyanın əsas özəlliyi səsvermənin Qarabağda ilk dəfə baş tutması idi.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” nəşrində dərc olunan reportajda qeyd edilib.

Reportajda deyilir ki, seçki günü Rusiya nümayəndə heyəti Qarabağa yollanıb: “Azərbaycanın hər bir kəndinin girişində şəhidlərin – 2020-ci il müharibəsi zamanı həlak olan hərbi qulluqçuların fotoşəkilləri olan stendlər var. Kənd qəbiristanlıqlarında ayrıca xiyabanlar var, orada qəbirlər xüsusi dam örtükləri altındadır, məkan dövlət bayraqları ilə bəzədilib.

Qarabağa daxil olarkən təhlükəsizlik qüvvələri pasportları yoxlayır, sonra ayrı-ayrı rayonların sərhədlərində nəzarət-buraxılış məntəqələri var. Regionda yolların kənarında minalanmış ərazilərin olduğuna dair xəbərdarlıq lövhələri var. Məlumdur ki, 2020-ci il müharibəsindən sonra 350 nəfər partlayıcı qurğuların qurbanı olub. Yol kənarlarında dağılmış və tərk edilmiş evlər görünür. Eyni zamanda minalardan təmizlənmiş ərazilərdə tikinti texnikası işləyir, yeni yollar, körpülər tikilir.

İlk dayanacağımız Laçın rayonunun Zabux kəndidir. Burada seçki məntəqəsi məktəb binasında yerləşir, yerli sakinlər girişdə sıxlıq yaradıblar. Onlardan biri jurnalistlərlə danışmağa razılaşır. “Bu gün tarixi gündür! 1992-ci ildə, 30 yaşım olanda buradan ayrılmışdım. Keçən ilin payızında qayıtdım. Dövlət bizə pulsuz şəkildə evlər tikib verib, işıq, qaz, rabitə xətləri çəkilib. Ölkə rəhbərliyinə yalnız təşəkkür edə bilərəm”, - Şakir adlı sakin deyir. O əlavə edir ki, kənddə hələ iş azdır. “Amma düşünürəm ki, bu məsələ də tədricən həllini tapacaq, biz hökumətimizə arxayınıq”, - Şakir vurğulayıb.

Rauf adlı digər şəxs isə deyir ki, 22 yaşında Zabuxdan çıxıb, 53 yaşında geri qayıdıb: “Mən özüm 90-cı illərdə müharibədə iştirak etmişəm, burada yaxşı bir şey yoxdur, qan görmüşəm, itki görmüşəm. Heç kimə bunu arzulamaram. Ümid edirəm ki, rəhbərliyimiz Ermənistanla sərhəd məsələsində razılığa gələcək”. O, eyni zamanda vurğulayır ki, Qarabağda məcburi köçkünlər indi kommunal xərcləri ödəmir və onlara əvvəllər qaçqın kimi ödənilən müavinətləri almaqda davam edirlər.

Ardından Laçın şəhərinə gedirik, burada da seçki məntəqəsinin ətrafında ajiotaj var. Yaşlı Kamil İsmayılov 1992-ci ildə 49 yaşında Qarabağı tərk etdiyini deyir. “Çox pis idi. Atırdılar, helikopterlər uçurdu. Hər şeyi atıb ev-eşiyimizi tərk etməli olduq, əşyalarımızı götürmədik. Beş samovarım var idi, hətta onları da qoyub getmişdim... İndi yenidən Vətənimdəyəm, nəhayət xoşbəxtəm. Başqa heç nə lazım deyil” – deyə o sevinir.

Gənclər Qarabağdan kənarda böyüyüb, kök salıblar və region haqqında valideynlərin danışdıqları əhvalatlardan xəbər tuturlar. Üstəlik, bir çox insan daha çox perspektiv gördükləri böyük şəhərlərdə yaşamağa çalışır.

Bununla belə, kütlə arasında tələbələr də var. Onlardan biri “İzvestiya”ya bildirib ki, hazırda iki şəhərdə - Bakı və Laçında yaşayır. “Paytaxtda Dövlət Bədən Tərbiyəsi İnstitutunda oxuyuram. Amma ali məktəbi bitirdikdən sonra tamamilə Qarabağa köçməyi planlaşdırıram və məktəb müəllimi kimi işə düzəlmək istəyirəm”, - o deyib. Maraqlıdır ki, həmsöhbətimiz rus dilində də yaxşı danışır.

Fevralın 7-si axşam saatlarında Azərbaycan Mərkəzi Seçki Komissiyası səsvermənin ilkin nəticələrini açıqlayıb. MSK-nın məlumatına görə, seçici fəallığı 76% olub, İlham Əliyev 92% səs toplayıb. “Rəsmi yekun nəticəni fevralın 9-da açıqlayacağıq. Lakin artıq indidən bəllidir ki, qalan bülletenlər nəticəyə təsir etməyəcək”, - MSK sədri Məzahir Pənahov bildirib.

Bundan sonra Bakıda mərkəzi meydanlara toplaşan yüzlərlə insan dövlət bayraqlarını dalğalandırır, bir-birini təbrik ediblər.

Bununla da Azərbaycanda mühüm bir gün başa çatdı. Səsvermə epoxal alındı. Ölkə bütün səylərin Qarabağ məsələsinin həllinə sərf olunduğu əvvəlki inkişaf mərhələsini bitirmiş oldu.

Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib. Bu barədə fevralın 8-də Azərbaycan Prezidentinin Mətbuat Xidməti ölkə başçıları arasındakı telefon danışığından sonra məlumat yayıb.

Dövlət başçıları müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi