“Mətbuat katibi üçün əsas şərt müxtəlif media qurumlarının jurnalistləri ilə sıx əlaqə qurmaqdır”.
“Report” xəbər verir ki, bu sözləri “İrəli” İctimai Birliyinin mətbuat katibi Arif Rəhimli Report Media Məktəbinin tələbələri ilə görüşündə deyib.
O, qeyri-hökumət təşkilatında mətbuat katibi kimi işləməyin çətinliyindən bəhs edib:
“Azərbaycanda minlərlə qeyri-hökumət təşkilatı var. Belə yerdə mətbuat katibi kimi işləmək heç də asan iş deyil. Keçirilən tədbir və konfranslarda müxtəlif media qurumlarının nümayəndələrinin iştirakını təmin etmək çətin məsələdir. Ona görə mətbuat katibi çalışmalıdır ki, əsasən sayt və televiziya əməkdaşları ilə daim ünsiyyətdə olsun, jurnalistlərlə əlaqəni möhkəmləndirsin”.
Mətbuat katibi jurnalistin gördüyü işə görə xüsusi tərifə ehtiyacının olmadığını vurğulayıb:
“Jurnalist etdiyi heç bir işə görə kimdənsə təşəkkür gözləməməlidir. Onun motivasiyası çalışıb zəhmətlə ərsəyə gətirdiyi iş olmalıdır”.
Arif Rəhimli 2003-cü il iyulun 16-da Bakıda anadan olub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin informasiya texnologiyaları ixtisasında təhsil alır. Dövlət Miqrasiya Xidməti, Bakı Nəqliyyat Agentliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi və bir sıra qurumlarda könüllülük layihələrinə qoşulub.
Əmək fəaliyyətinə 2021-ci ildə “İrəli” İctimai Birliyində mətbuat katibliyinin əməkdaşı kimi başlayıb. 2022-ci ilin aprelindən birliyin mətbuat katibi vəzifəsində çalışır. “QHT Əməkdaşlarının Media və PR Bacarıqlarının Artırılması”, “Ağıllı Qarabağı Tanıyaq!” kimi layihələrin rəhbəri olub. Report Media Məktəbinin sayca 7-ci qrupunun məzunudur.