Qəzetdə işləmək üçün yaxşı mütaliən olmalıdır.
“Report” xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.
Baş redaktor jurnalistin formalaşmasında qəzetçiliyin böyük əhəmiyyətinin olduğunu vurğulayıb:
“Bizə gənclər müraciət edəndə, ilk soruşduğum hansı müəllifi oxumasıdır. İnsanın formalaşmasında, hətta tərbiyəsində də bədii ədəbiyyatın çox mühüm rolu var. Cümləni bəzəyib vermək qəzet dilidir, burada emosionallıq da yaxşıdır. Televiziyadan qəzetə gələnlər bir qədər əziyyət çəkirlər, amma əksinə olanda elə də çətin olmur. Qəzet mühiti jurnalisti daha səriştəli edir”.
İ. Quliyev qəzetin yeni dövrə uyğunlaşması üçün tələb olunan üsullardan da danışıb.
“2000-ci illərin əvvəllərində bizə deyirdilər ki, qəzet dövrü bitdi. Sonra sosial şəbəkələr gəldi, saytlar onlara uduzdu. Bu gün qəzeti saxlamaq üçün biz də texnoloji vasitələrə əl atırıq. Sayt yaratmışıq, sosial şəbəkədə səhifələrimiz var. Düşünürəm, bu meydanda itib-batmamaq üçün dövrlə ayaqlaşmağı bacarmalıyıq” – İ. Quliyev deyib.
Qeyd edək ki, İ.Quliyev 1977-ci il oktyabrın 27-də Ağsu rayonunun Xəlilli kəndində anadan olub. 1998-ci ildən jurnalistika fəaliyyəti ilə məşğul olur. Əmək fəaliyyətinə “Avrasiya” qəzetində başlayıb, sonra bir müddət “Günaydın” qəzetində işləyib.
1999-cu ildən “Kaspi” qəzetində çalışır. Burada ilk günlərdən ictimai-siyasi mövzuları əhatə edən məqalələrlə çıxış edib. Uzun illər qəzetin Prezident Administrasiyasında və Milli Məclisdə akkreditasiya olunmuş müxbiri olub. 2005-ci ildən 2015-ci ilədək baş redaktorun müavini vəzifəsini icra edib. 2015-ci ildən qəzetin baş redaktorudur. O, Azərbaycanın Əməkdar jurnalistidir.