Azərbaycanın mətbuat orqanları arasında özünəməxsus yer tutan, oxucu auditoriyasını günbəgün genişləndirən “İki sahil” qəzetinin ad günüdür.
“Report” xəbər verir ki, qəzetin 32 yaşı tamam olur.
İlk nömrəsi 1991-ci il 10 iyul tarixində işıq üzü görmüş “İki sahil” Azərbaycanın siyasi baxımdan ən çətin dövründə reallıqları ictimaiyyətə çatdırmaqdan çəkinməyib, öz ideallarına sadiq qalaraq sınaqlardan üzüağ çıxmağı bacarıb.
Qəzetin fəaliyyətini fərqləndirən mühüm xüsusiyyətlərdən biri Azərbaycanın dövlət quruculuğu prosesinin bütün mərhələlərini öz prinsiplərinə müvafiq əks etdirməsidir. Müasir dövlət quruculuğu prosesləri, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, Azərbaycan mədəniyyətinin, incəsənətinin, təhsilinin inkişaf mərhələləri qəzetdə dolğun şəkildə əks etdirilir.
Qəzetin “ikisahil.az” internet saytı da uğurla fəaliyyət göstərir. Dövrün, zamanın tələblərinə uyğun olaraq yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilində və onun hüdudlarından kənarda baş verən hadisələr operativ şəkildə oxuculara çatdırılır. “İki sahil” İnternet Televiziyası da uğurla fəaliyyət göstərir. Bu resursda günün aktual məsələləri ilə bağlı, ictimai-siyasi, iqtisadi və digər mövzularda müxtəlif sahələri əhatə edən verilişlər yayımlanır.
"Report" İnformasiya Agentliyinin kollektivi “İki sahil” qəzetində çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!