ICESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb

ICESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb İyunun 18-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZ"RTAC) media sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıblar.
Media
113
18 İyun , 2021 16:32
ICESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb

İyunun 18-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) media sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıblar.

"Report"un məlumatına görə, sənəd birgə layihələrin və proqramların hazırlanıb reallaşdırılmasında, ICESCO-ya üzv ölkələrin KİV nümayəndələri üçün təcrübə mübadiləsinin və təlim kurslarının, media üzrə beynəlxalq konfransların, forumların və ixtisaslaşdırılmış seminarların təşkilində, informasiyaların, foto və video xəbərlərin hazırlanması və yayımında əməkdaşlığı nəzərdə tutur.

ICESCO-nun Baş direktoru dr. Salim bin Məhəmməd əl-Malik imzalanma prosesindən sonra vurğulayıb ki, təşkilatımızla AZƏRTAC arasında əməkdaşlığın qurulması üçün başlanğıc olan memorandum ICESCO ilə Azərbaycan Respublikası arasında hərtərəfli əlaqələrin ruhuna uyğundur. Bu əməkdaşlığın əsas hədəfi jurnalistlərin və media işçilərinin bilik və bacarıqlarının möhkəmləndirilməsinə yardım etmək, bu istiqamətdə birgə proqram və layihələr həyata keçirməkdir. Dr. Salim əl-Malik əlavə edib ki, gənclərin dəstəklənməsi və təlimi, insan resurslarına investisiya ICESCO-nun dünyaya açılımına əsaslanan yeni baxışının prioritetlərini təşkil edir.

ICESCO ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bildirib ki, memorandum ikitərəfli əlaqələrin dərinləşməsinə töhfə verməklə yanaşı, İslam dünyasının KİV nümayəndələrinin bilik və təcrübələrini bölüşməsinə əlverişli imkan yaradacaq. İslam Əməkdaşlıq Təşkilatı və onun mühüm institutlarından biri olan ICESCO ilə ölkəmiz uzun illərdir ki, səmərəli, xoşniyyətli əməkdaşlıq edir. Əminəm ki, imzaladığımız sənəd informasiya yayımçısı olaraq bizə təşkilatın təhsil, elm və mədəniyyət sahəsində zəngin təcrübəsindən bəhrələnmək üçün yeni fürsət verəcək. Xüsusən birgə layihələr və proqramlar, bilik mübadiləsi təşkilata üzv ölkələrin jurnalistləri üçün faydalı olacaq.

Qeyd edək ki, memoranduma əsasən, tərəflər layihələrin və proqramların hazırlanmasını və yerinə yetirilməsini nəzarətdə saxlamaq, görülən işləri qiymətləndirmək məqsədilə müştərək işçi qrupu yaradacaqlar.

Son xəbərlər

Orphus sistemi