Həştərxanda keçirilən media forumunda media təhsilinin problemləri müzakirə olunub

Həştərxanda keçirilən media forumunda media təhsilinin problemləri müzakirə olunub “Xəzəryanı ölkələr mühüm məlumat mənbəyidir və yüksək vəzifəli şəxslərin bu ölkələrə səfərlərində, həyata keçirilən layihələrdə maraqlıyıq”.
Media
30 May , 2023 18:23
Həştərxanda keçirilən media forumunda media təhsilinin problemləri müzakirə olunub

“Xəzəryanı ölkələr mühüm məlumat mənbəyidir və yüksək vəzifəli şəxslərin bu ölkələrə səfərlərində, həyata keçirilən layihələrdə maraqlıyıq”.

“Report” xəbər verir ki, bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Həştərxanda “Xəzər 2023: Dayanıqlı inkişaf yolları” III Beynəlxalq Elmi Forumu çərçivəsində “Xəzəryanı ölkələrin media məkanında jurnalistika: media təhsili problemləri” mövzusunda müzakirə platformasında bildirib.

O bildirib ki, “Report” İnformasiya Agentliyi media təhsili sahəsində kurslar keçirir və indiyədək media məktəbində 100-dən çox tələbə təhsil alıb, 10-dan çoxu isə hazırda “Report”da çalışır.

“Jurnalistlərin peşəkar təcrübələrini artırmaq üçün mübadilə proqramlarına da açığıq”, - o qeyd edib.

İnformasiya təhlükəsizliyi mövzusuna toxunan F.Hüseynəliyev hazırda məhdudiyyətlər yolu ilə məsələlərin həll edilə bilməyəcəyini vurğulayıb.

O, Rusiyada bir neçə Azərbaycan KİV-nin bloklandığını xatırladıb.

“Xəzəryanı ölkələrin informasiya agentlikləri arasında əməkdaşlıq elə də yüksək səviyyədə deyil. Xəzəryanı ölkələrin KİV-ində Azərbaycanla bağlı xəbərlər istədiyimiz səviyyədə yayımlanmır”, - F.Hüseynəliyev deyib.

Gündəlik rusdilli “Bakinski raboçi” qəzetinin siyasi şərhçisi Roman Temnikov isə bildirib ki, cəmi 10 milyon əhalisi olan Azərbaycanda hazırda rəsmi qeydiyyatdan keçmiş KİV-in sayı 5 mini ötüb: “40 gündəlik və 200-dən çox həftəlik qəzet, o cümlədən müxtəlif sahələrdə 80-dən çox jurnal nəşr olunur, 20-dən çox xəbər agentliyi fəaliyyət göstərir. Azərbaycanın bölgələrində 100-ə yaxın jurnal və qəzet nəşr olunur. Beləliklə, Azərbaycanda media kifayət qədər inkişaf edib”.

Özbəkistan Milli İnformasiya Agentliyinin baş redaktorunun müavini Quzal Mahmudova, “Rossiya Seqodnya”/Sputnik” Media Qrupunun Beynəlxalq Əməkdaşlıq Direksiyasının Media ilə Əlaqələr Departamentinin rəhbəri Asya Samoylova, X.Dosmuxamedova adına Atırau Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri Manşuk Mukaşeva müzakirə platformasında iştirak ediblər. Onlar ölkələrində media təhsili sahəsində həyata keçirilən layihələrdən danışıb, həmçinin bu sahədə konkret əməkdaşlıq formalarını təklif ediblər.

Son xəbərlər

Orphus sistemi