Azərbaycan Mətbuat Şurası Rusiyanın daha çox qərəzli çıxırşları ilə tanınan teleaparıcısı Vladimir Solovyovun Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilmiş terror aktı ilə bağlı son açıqlamaları ilə bağlı bəyanat yayaraq, jurnalistin son çıxışını pisləyib.
"Report"un məlumatına görə, tanınmış jurnalist Həmid Həmidov "Baku TV"nin süjetində mövzu ilə bağlı ekspert rəyini bölüşüb.
“Solovyov “Crocus City Hall””un sahiblərinin azərbaycanlı olmasına diqqət çəkərək, saxlanılan cinayətkarlar arasında bizim ölkənin də vətəndaşlarının olduğunu iddia edib. Mətbuat Şurasının açıqlamasında bildirilir ki, rusiyalı təbliğatçı öz eyhamları ilə Azərbaycana qarşı informasiya təxribatı həyata keçirib”, - süjetdə deyilir.
"Solovyovun kim olduğunu çox yaxşı bilirik. Ermənipərəst və Azərbaycanla bağlı hər şeyə nifrət edən adam. Bu cür açıqlamalar vermək olmaz, xüsusən bunu efirdə edirsən, üstəlik tanınmış şəxs, jurnalist. Buna görə də belə hal yolverilməzdir. Bir daha deyirəm - əminəm ki, bu, qəsdən edilib. O, çox yaxşı başa düşür ki, onlar (terrorçular-red) azərbaycanlılar deyil, buna baxmayaraq, Rusiyada kütlənin şüuruna elə bir fikir yürüdür ki, terrorçulardan biri azərbaycanlıdır.
Solovyov bunu Moskvada Azərbaycana nifrət hissini artırmaq üçün edir. Bu onun nəyinə lazımdır? Onun kim olduğunu, kimin üçün işlədiyini bilirik. Hesab edirəm ki, efirə çıxmalı, səhv etdiyini söyləməli və mütləq üzr istəməlidir", - H.Həmidov deyib.
Ətraflı süjetdə: