“Güney Azərbaycan məsələsi beynəlxalq mediada” adlı dəyirmi masa keçirilib.
"Report" xəbər verir ki, tədbir Topçubaşov Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Görüşdə Finlandiyada yaşayan Güney azərbaycan fəalı, jurnalist Sadıq İsabəyli (Sedaqat Xaledi), Finlandiyada yaşayan Güney azərbaycan fəal Çingiz Göytürk (Behruz Sultanpur), Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov, Topçubaşov Mərkəzinin tədqiqatçıları Məhəmməd Məmmədov və Cavidan Əhmədxanlı, Caliber.az saytının baş redaktorunun müavini və ingilis dili departamentinin rəhbəri Orxan Cəlilov, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov və “Caliber.az” saytının müəllifi, ekspert Orxan Amaşov iştirak ediblər.
Dəyirmi masada Güney Azərbaycanda baş verən etnik və mədəni diskriminasiya barəsində, eləcə də bu məsələlərin beynəlxalq aləmdə işıqlandırılması müzakirə olunub.
Qeyd edilib ki, Güney Azərbaycan məsələsi ilə bağlı İranda son dövrlərdə baş verən proseslər – xalq etirazları, ekoloji fəlakətlər, etnik diskriminasiya həmin ölkədə yaşayan milyonlarla azərbaycanlının mövcud vəziyyəti və gələcək taleyi ilə bağlı böyük narahatlıq yaradır.
Bildirilib ki, İran cəmiyyətində sayca və keyfiyyətcə üstün mövqedə olan azərbaycanlılar hələ də bir çox hallarda fundamental insan hüquqlarından məhrum olur və etnik ayrı-seçkiliyə məruz qalırlar.
Ümumilikdə, İran və orada daxili dinamika beynəlxalq mətbuat tərəfindən işıqlandırılsa da, güney azərbaycanlıların haqları problemi gündəmə düşmür.