Gülnarə Rəfiq: “Yazmaq istəyirsənsə, əvvəlcə oxumalısan”

Gülnarə Rəfiq: “Yazmaq istəyirsənsə, əvvəlcə oxumalısan” “Yazmaq istəyirsənsə, əvvəlcə oxumalısan. Jurnalistikaya gələndə elə düşünürsən ki, hər şeyi bilirsən, amma yazdığını redaktor kəsib-tökür”.
Media
3234
26 Yanvar , 2022 16:12
Gülnarə Rəfiq: “Yazmaq istəyirsənsə, əvvəlcə oxumalısan”
Gülnarə Rəfiq

“Yazmaq istəyirsənsə, əvvəlcə oxumalısan. Jurnalistikaya gələndə elə düşünürsən ki, hər şeyi bilirsən, amma yazdığını redaktor kəsib-tökür”.

"Report" bildirir ki, bu sözləri Report Media Məktəbinin tələbələri ilə görüşdə publisist, köşə yazarı Gülnarə Rəfiq deyib.

G.Rəfiq qeyd edib ki, oxucunun nə istədiyini bilmək uğurun yarısını qazanmağa bərabərdir:

“Pis yazırsınız, sizi oxumurlar. Yaxşı yazırsınız sizi oxuyurlar və oxumaqda davam edirlər. Bir yazar kimi bilməlisən ki, oxucu nə istəyir. Bu, çox sürüşkən yoldur, çünki oxucu əyləncə də, intellekt də istəyir. Siz də seçim edirsiniz. Bu informasiya mühitində itib-batmaq elə də xoş deyil. Heç olmasa, gələcək nəsillər üçün adınızın itməməsinə çalışmalısınız. Məndən istedadlı jurnalistlər var ki, ortalıqda yada salası ciddi bir yazıları qalmayıb”.

Publisist jurnalistikada ad qazanmağın çətin olduğunu vurğulayıb:

“Jurnalistin qarşısında həmişə bir sual yaranır: imzaya işləyəsən yoxsa pula? İmzaya işləmək ən azından 10-15 il zaman tələb edir. Sonra imza başlayır sizə işləməyə. Mən bu dəqiqə hansı redaksiyaya getsəm, deyirlər, buyurun, keçin yuxarı başa. Bu az deyil. Buna çalışmaq lazımdır, çünki birdən-birə alınmır”.

Gülnarə Rəfiq 1970-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bülbül adına orta musiqi məktəbində alıb. 1993-cü ildə Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsini əla qiymətlərlə bitirib. 1995-ci ildən bəri dövrü mətbuatda mütəmadi olaraq yazıları dərc edilir. “Çağ”, “Ekspress”, “Xalq cəbhəsi”, “Avropa” qəzetlərində çalışıb. “Qobustan”, “Ulduz”, “Miracle” jurnallarında yazıları dərc edilib. “Bizim yol” və “Odlar yurdu” qəzetləri, daha sonra Mediapost.az saytı ilə əməkdaşlıq edib. 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi