“Rusiyada Azərbaycanın bir neçə xəbər saytına blok qoyulaması müxtəlif kontekstdən yolverilməzdir”.
Bunu “Report”a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, ilk növbədə fikir plüralizmi, media və söz azadlığı demokratiyanın ilk şərtidir:
“Əgər Rusiya hər hansı saytları bloklayırsa, onların yayımının qarşısını alırsa, bu, söz azadlığı prinsipinə, demokratiyaya, fikir plüralizminə zidd olan addımdır. Məsələ ondan ibarətdir ki, Rusiya tək Azərbaycanda olan saytları deyil, həm də feysbukun, yutubun və digər sosial şəbəkə platformalarına girişi məhdudlaşdırıb. Bu da o deməkdir ki, həmin ölkədə ümumiyyətlə söz azadlığı haqqında əsalı bilgilər yoxdur, ya da bu prinsiplərə hörmətlə yanaşılmır”.
Media eksperti Rusiyaya çağırış edib ki, onlar bu hərəkətlərində düzəlişlər etsin:
“Özlərinin anti-demoktarik söz, vicdan, fikir azadlığına qarşı olan addımları ilə dünyada özlərinə qarşı bu qədər əks fikir formalaşdırmasınlar. Digər tərəfdən müasir texnologiyalar dövründə informasiyanın qarşısını almaq mümkün deyil. İnformasiya müxtəlif yollarla axın edir, tapılır və cəmiyyətə çatır. Sadəcə bir ölkənin bu cür primitiv üsullardan istifadə edərək informasiyanın qarşısında durmağa çalışması həmin ölkənin nə qədər köhnə texnologiyalarla işlədiyinin göstəricisidir”.
“Rusiya tərəfi bu addımları ona görə edir ki, Ukraynada gedən müharibə barədə həqiqətlər ictimaiyyətə çatmasın. Azərbaycan tərəfi bu müharibədə informasiya savaşı aparan tərəf deyil. Sadəcə bizim KİV-lərin yazdıqları obyektivdir. Rusiya ən obyektiv fikirləri də bloklayırsa, bu, artıq problemli vəziyyətdir. Rusiya rəhbərliyi bu barədə ciddi düşünməlidir. Bundan başqa, Azərbaycan Rusiyadan olan KİV-lərə qarşı bu cür atmayıb. Hətta Vətən müharibəsi dövründə Rusiya telekanalları və saytları ölkəmizə qarşı birbaşa əks təbliğat aparırdılar. Onlar obyekt fikir vermirdilər, sadəcə əks mövqe tutub düşmən tərəfindən yanında yer alırdılar. Anti-demokratik addım atıb həmin saytlara girişi bloklamadıq. Əgər Rusiya indiki dövrdə bu cür addımlar atırsa, Azərbaycanı məcburiyyət qarşısında qoyur ki, ölkəmiz onların transmilli, əks təbliğat aparan mətbuat qurumlarına ("Regnum", "Sputnik", Lenta.ru və s.) qarşı müəyyən tədbirlər görsün və qarşılıqlı addımlar atsın. Bu cür yanaşma, qarşıdurma strateji müttəfiq olan dövlətlərə yaraşmayan haldır. Ona görə də Rusiya tərəfi təcili şəkildə bu cür əməlləri barədə ölçü götürməli və səhv hərəkətlərindən geri çəkilməlidir” - M.Ələsgərli əlavə edib.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri bildirib ki, dünya ilə üz-üzə gəlmək heç bir ölkəyə uğur gətirməyib və bundan sonra da gətirməyəcək:
“Bir neçə saytların bloklanması dövlətimizə, xalqımıza qarşı yönələn addımdır. Azərbaycan media ictimaiyyəti həmrəylik nümayiş etdirərək problemin aradan qalxmasına çalışacaq”.
Qeyd edək ki, “Roskomnadzor”un (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) qərarı ilə Azərbaycanda fəaliyyət göstərən Oxu.Az saytına Rusiya ərazisində blok qoyulub. Sayt bəyan edib ki, redaksiyaya heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə ziddir.