Azərbaycanın dövlət qurumlarının “Facebook”, “Instagram” və “X” sosial şəbəkələrində izləyici saylarında qeydə alınan illik dinamika açıqlanıb.
“Report” Media Təhlil Mərkəzinin bu ilin oktyabr ayı üzrə “Dövlət qurumlarının sosial şəbəkələrdə aktivlik indeksi” hesabatına istinadən xəbər verir ki, “Facebook” sosial şəbəkəsində ötən ilin oktyabrı ilə müqayisədə izləyici sayında ən böyük artım İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində qeydə alınıb. Ötən dövr ərzində Agentliyin izləyici sayı 78 % artaraq 73 324-ə çatıb.
“Facebook”da ən çox izləyici sayı (443 943) "ASAN Xidmət"dədir. Bir il ərzində (oktyabr 2022-ci il - oktyabr 2023-cü il) dövlət qurumları “Facebook”da 33 268 post, o cümlədən oktyabrda 2 744 post paylaşıb. Bu ilin oktyabr ayında ən çox sayda (241) paylaşım edən qurum Gənclər və İdman Nazirliyi olub.
“Instagram”da bir il ərzində izləyici sayını kəskin artıran Fövqəladə Hallar Nazirliyi olub. Ötən ilin oktyabr ayı ilə müqayisədə izləyici sayı 19 dəfə artaraq 13 216-ya çatıb.
“Instagram”da ən çox izləyici sayına (337 676) malik dövlət qurumu Daxili İşlər Nazirliyidir. Bir il ərzində qurumlar həmin sosial şəbəkədəki hesabları üzərindən 24 033 post, o cümlədən oktyabrda 1 883 post paylaşıb. Həmin sosial şəbəkədə oktyabrda ən çox sayda (180) paylaşımı Mədəniyyət Nazirliyi edib.
“X” sosial şəbəkəsində hesabat dövründə izləyici sayında ən böyük artıma “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) nail olub. TƏBİB-in izləyicilərinin sayı ötən ilin oktyabrı ilə müqayisədə 46 % artaraq 1 656-ya çatıb.
Dövlət qurumları arasında “X” sosial şəbəkəsində ən çox izləyici (198 756) Xarici İşlər Nazirliyinin səhifəsindədir. Dövlət qurumları bir il ərzində “X” sosial şəbəkəsində 25 056 post, o cümlədən oktyabrda 1 918 post paylaşıb. Həmin sosial şəbəkədə oktyabrda ən çox sayda (177) paylaşımı edən Mədəniyyət Nazirliyi olub.