Bakı. 19 noyabr. REPORT.AZ/ Sabah - noyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda “dəyirmi masa” keçiriləcək.
Bu barədə “Report”a Mətbuat Şurasından məlumat verilib.
Şuranın təşəbbüsü ilə keçiriləcək tədbirdə qəzetlərin, informasiya agentliklərinin, həmçinin internet xəbər saytlarının baş redaktorlarının, jurnalist təşkilatlarının təmsilçilərinin, ictimai xadimlərin iştirakı nəzərdə tutulur.
Toplantıda son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhlərinin cəmiyyətdə yaratdığı vəziyyət müzakirə olunacaq. Bu müstəvidə jurnalist peşəkarlığının müxtəlif aspektlərinə nəzər salınacaq.