COP29-un işıqlandırılmasında iştirak edəcək jurnalistlər üçün ilk təlim keçirilib

COP29-un işıqlandırılmasında iştirak edəcək jurnalistlər üçün ilk təlim keçirilib COP29-un işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün ilk təlim keçirilib
Media
13 Mart , 2024 11:09
COP29-un işıqlandırılmasında iştirak edəcək jurnalistlər üçün ilk təlim keçirilib

Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün silsilə təlimlər çərçivəsində “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media perspektivində” mövzusunda ilk təlim keçirilib.

Agentlikdən "Report"a bildirilib ki, təlimin açılış mərasimində çıxış edən MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov ekoloji məsələlərin ümumbəşəri əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu istiqamətdə peşəkar medianın üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib, medianın ilk növbədə ekoloji maarifləndirməyə böyük diqqət göstərməli olduğunu, həmçinin insanların ekoloji savada yiyələnməsinin təşviqində oynadığı müstəsna rolu qeyd edib.

İcraçı direktor, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan mediası COP29-un yaratdığı imkanlardan faydalanaraq bu istiqamətdə işini səmərəli mexanizmlər əsasında qurmalı, öz subyektiv mülahizələrini əsas götürərək ölkəmizin imicini ləkələmək istəyənlərə tutarlı arqumetlərlə cavab verməlidir.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə qeyd edib ki, mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkə reallıqlarının dünya ictimaiyyətinə effektiv çatdırılmasına böyük imkanlar yaradacaq, davamlı təşkil olunacaq bu tip təlimlər jurnalistlərimizin COP29-la bağlı biliklərini daha da artıracaq.

Azərbaycanın energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş İcraçı direktor Elnur Soltanov ətraf mühitin qorunmasında, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılmasında və Azərbaycanda iqlim dəyişikliyinin əhəmiyyəti barədə məlumatlılığın artırılmasında media nüməyəndələrinin böyük rolunun olduğunu söyləyib.

İngilis dilində keçirilən təlimdə bərpa olunan enerji, iqlim dəyişikliyi məsələləri və dayanıqlılıq üzrə ixtisaslaşmış kommunikasiya mütəxəssisi Nik Mediç “İqlim dəyişikliyinin elmi əsasları”, “Bərpa olunan enerji: texnologiya və inkişaf” adlı sessiyalarda çıxış edib.

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının Baş elmi işçisi, təlimçi Əhməd Hümbətov isə “Mədən yanacaqları: onlar ətraf mühitə nə qədər mənfi təsir göstərir və biz həqiqətən onlarsız keçinə bilərikmi?”, “İqlim dəyişikliyinin iqtisadi və siyasi aspektləri” sessiyalarında media nümayəndələri ilə geniş müzakirələr aparıb.

Sonda təlimçilər iqlim dəyişikliyi ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırılıblar.

Son xəbərlər

Orphus sistemi