Cəlil Cavanşir: “Kino həmişə kitabdan önə çıxmağa çalışır”

Cəlil Cavanşir: “Kino həmişə kitabdan önə çıxmağa çalışır” “Ədəbiyyat adamları çox vaxt ssenari yazmağa can atmırlar. Yazıçının yaratdığı dünya başqadır. Kino həmişə kitabdan önə çıxmağa çalışır”.
Media
387
28 Yanvar , 2022 16:32
Cəlil Cavanşir: “Kino həmişə kitabdan önə çıxmağa çalışır”
Cəlil Cavanşir

“Ədəbiyyat adamları çox vaxt ssenari yazmağa can atmırlar. Yazıçının yaratdığı dünya başqadır. Kino həmişə kitabdan önə çıxmağa çalışır”.

"Report" bildirir ki, bu sözləri Report Media Məktəbinin tələbələri ilə görüşdə yazıçı-şair, tərcüməçi, ssenarist, köşə yazarı Cəlil Cavanşir deyib.

Auditoriyanın suallarını cavablandıran C.Cavanşir ölkədə şeirə olan marağın qeyri-rasionallığa bağlı olduğunu bildirib:

“Xalq olaraq rasional düşüncədə olmadığımız üçün şeirə daha çox meylliyik. Türkiyədə də eyni vəziyyətdir. İnsanlar çox şeir yazır, hər on nəfərdən beşi şeirə maraq göstərir. Hər yer şairdir, hər yan şairdir. Şair əlindən tərpənmək mümkün deyil. Hətta Azərbaycan dilini bilməyən belə şeir yazır, hansısa qiraətçi onu səsləndirir. Sonra da paylaşırlar. Bu səbəbdən son vaxtlar şeir yazıb paylaşmağa utanıram”.

Yazıçı bu gün ölkədə uşaq ədəbiyyatına diqqətin artırılmasının vacibliyini vurğulayıb:

“Bizdə uşaq ədəbiyyatının tərcüməsinə ciddi ehtiyac var. Dünyanın nəşriyyat sahəsində çox ciddi bir yer tutur. Uşaq ədəbiyyatının tərcüməsi və təbliği ilə təkcə nəşriyyat məşğul olmur. Həm də həkimlər, psixoloqlar birgə çalışırlar.

Audiokitablar da əhəmiyyətlidir. Hazırda bir layihədə gözdən əlillər üçün səsli kitab hazırlayırıq. “Danışan kitablar” ərsəyə gətiririk. Tətbiqi də var, saytı da var. Gözdən əlil olan nə qədər uşaq üçün bu, çox vacibdir. Elə olub, rayondan bir şəxs zəng edərək təşəkkür edib ki, 4-cü sinif “Həyat bilgisi” kitabını 19 yaşında dinlədim”.

Qeyd edək ki, Cəlil Cavanşir 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib. Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb. "Töhfə", "Türküstan", "Vətəndaş Həmrəyliyi" qəzetləri, "Alatoran", "Molla Nəsrəddin dünyası", "Yurddan səslər", "Pirsultan", "Doqquz iqlim", "Ənvər Paşa" dərgiləri ilə əməkdaşlıq edib.

12 kitabı dərc edilib. Onlarla kitabı Azərbaycan dilinə tərcümə edib. Bir sıra sənədli filmlərin ssenari müəllifidir. Ölkədə kitabı təbliğ edən şəxslərdən biridir.

Son xəbərlər

Orphus sistemi