Dezinformasiyaya görə cəza - Bu tip qanunlar insanların sosial media platformalarından istifadə azadlıqlarını məhdudlaşdırmır - RƏY

Dezinformasiyaya görə cəza - Bu tip qanunlar insanların sosial media platformalarından istifadə azadlıqlarını məhdudlaşdırmır - RƏY "Dezinformasiya ilə mücadilə çərçivəsində bir çox aparıcı ölkələrin qanunveriliyində də müvafiq qaydalar təsbit edilib".
Media
14 Oktyabr , 2022 17:06
Dezinformasiyaya görə cəza - Bu tip qanunlar insanların sosial media platformalarından istifadə azadlıqlarını məhdudlaşdırmır - RƏY

"Dezinformasiya ilə mücadilə çərçivəsində bir çox aparıcı ölkələrin qanunveriliyində də müvafiq qaydalar təsbit edilib. Türkiyədə qəbul olunan tip qanunlar əsla insanların sosial media platformalarından istifadə azadlıqlarını məhdudlaşdırmır".

Bunu "Report"a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin sədrinin müavini, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

O bildirib ki, sosial media müxtəlif və fərqli yanaşmaları özündə əks etdirən rəngarəng palitranı göz önündə canlandırmaqdadır:

"Bu, bir tərəfdən hərtərəfli və müxtəlif yöndən baxışları, plüralizmi və fikir müxtəlifliyini əks etdirməsi ilə müsbət qəbul edilə bilərsə, digər tərəfdən mənfi yönləri ilə də narahatlıq doğurur. Məsələn, əsasən gənc və yeniyetmələrə neqativ yöndən mənfi psixoloji təsir göstərən yazılar və ya paylaşımlar buna misal ola bilər. Bura informasiya ilə manipulyasiya və məqsədli dezinformasiya yayımı problemlərini də şamil etmək lazımdır. Ümumiyyətlə günümüzdə dezinformasiya və bilgi çirkliliyi ən vacib problem olaraq qalmaqdadır".

 Vüqar Zifəroğlu
Vüqar Zifəroğlu

Sədr müavini qeyd edib ki, ümumiyyətlə rəqəmsal alətlər insanların həyatını asanlaşdıra bilsə də, siyasi, sosial və iqtisadi məqsədlər üçün saxta və ya yönləndirici xəbərlər yaymağa çalışan fərdlər və qruplar üçün müəyyən əlverişli imkanlar da yaratmaqdadır:

"Bu kontekstdə dezinformasiyaya əsaslanan məzmun troll və bot (saxta) hesablar, feysbuk və tviter kimi məşhur sosial media platformalarında yönləndirici kontent, audio və video üzərində manipulyasiyalar və kiberpirat fəaliyyətləri vasitəsilə rəqəmsal kommunikasiya şəbəkələrində sürətlə yayıla bilir. Bu isə mediaya və xəbərlərə inamın azalmasına, istifadəçilərin müəyyən sosial, siyasi və ya iqtisadi məqsədlərlə manipulyasiyasına, insanların qərar qəbul etməsinə mənfi təsir göstərməsinə, şübhəli məlumatlar əsasında ictimai rəyin yönləndirilməsinə gətirib çıxarır".

Dekan vurğulayıb ki, dezinformasiya ilə mücadilə çərçivəsində bir çox aparıcı ölkələrin qanunveriliyində də müvafiq qaydalar təsbit edilib:

"Almaniyada internet qanunu, sosial media ilə bağlı Şəbəkə Mühafizə Qanunu (NetzDG), Fransada İnformasiyanın Manipulyasiyası ilə Mübarizə Qanunu buna misal ola bilər. Eyni zamanda Avropa İttifaqının Süni intellekt üzrə Uyğunlaşdırılmış (təklif) Qaydaları dezinformasiyaya/manipulyasiyaya səbəb ola biləcək məzmunun istehsalında süni intellekt proqram təminatının istifadəsi ilə bağlı ətraflı tənzimləmələri ehtiva edir".

"Türkiyədə qəbul edilən qanun da bu mənada əslində, sosial media platformalarında mövcud olan xəbər çirkliliyi və dezinformasiyalarla mübarizənin aparılması baxımından müsbət qəbul edilməlidir. Xüsusi vurğulamaq lazımdır ki, bu tip qanunlar əsla insanların sosial media platformalarından istifadə azadlıqlarını məhdudlaşdırmır. Əksinə, məqsədli bilgi yönləndirmələri, informasiya manipulyasiyaları, eləcə də dezinformasiyaların qarşısını alır", V.Zifəroğlu əlavə edib.

Son xəbərlər

Orphus sistemi