Bakı. 3 noyabr. REPORT.AZ/ "Son 10 ildə dünyada 700-dən çox jurnalist qətlə yetirilib". "Report" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun noyabrın 2-də qeyd edilən jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlıqla mübarizə üzrə Beynəlxalq Gün münasibətilə bəyanatında deyilir.
BMT-nin baş katibi öldürülən jurnalistləri yad etməyə və KİV nümayəndələrinə qarşı cinayətlərin cəzasız qalmasına son qoymağa çağırıb.
"Son 10 il ərzində 700-dən çox jurnalist həlak olub. Başqa sözlə, hər beş gündən bir bir jurnalist ictimaiyyətə son məlumatları çatdırmaq istədiyinə görə həyatından məhrum olub", - bəyanatda deyilir.
Bəyanatda, həmçinin qeyd olunur ki, jurnalistlərin əksəriyyəti cəsarətlə işıqlandırdıqları münaqişələrdə həlak olur.
Pan Gi Mun YUNESKO-nun təşəbbüsü olan və jurnalistlərin təhlükəsizliyini təmin etmək məqsədilə BMT-nin reallaşdıracağı fəaliyyət planını alqışlayıb.