BDU-nun Jurnalistika fakültəsində Mətbuat Şurası otağının açılışı olub

BDU-nun Jurnalistika fakültəsində Mətbuat Şurası otağının açılışı olub Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Mətbuat Şurasının otağının açılışı olub
Media
17 Aprel , 2024 11:27
BDU-nun Jurnalistika fakültəsində Mətbuat Şurası otağının açılışı olub

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Mətbuat Şurasının otağının açılışı olub.

"Report" xəbər verir ki, tədbirdə BDU-nun Jurnalistika fakültəsinin rəhbərliyi və Mətbuat Şurası İdarə heyətinin üzvləri iştirak ediblər.

BDU-nun rektoru Elçin Babayev çıxışı zamanı deyib ki, universitetin Jurnalistika fakültəsi peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynayır: "Bu gün bizim məzunlarımız medianın müxtəlif sahələrində çalışırlar və özlərini doğruldurlar. Amma biz istəyirik ki, tələbə-jurnalistlər praktik bilik və və bacarıqlara daha çox yiyələnsinlər. Bunun üçün Mətbuat Şurasının otağı mühüm əhəmiyyətə malikdir. Ümid edirəm ki, bu otaqda mühüm iclaslar keçiriləcək".

Mətbuat Şurası İdarə heyətinin sədri Rəşad Məcid isə qeyd edib ki, Şura ilə Jurnalistika fakültəsi arasında əməkdaşlıq getdikcə inkişaf edir: "Bu, çox yaxşı haldır. Jurnalistika fakültəsində Mətbuat Şurası otağının olması da çox yaxşı təşəbbüsdür. Şuranın Şikayətlər Komissiyasının iclasları tələbələrimizin iştirakı ilə keçiriləcək. Düşünürəm ki, bu, onların yetişməsində mühüm rol oynayacaq".

R.Məcid söyləyib ki, cəmiyyətin peşəkar jurnalistlərə həmişə ehtiyacı var: "Jurnalistika fakültəsini bitirənlər həmişə öz müsbət fəaliyyətləri ilə seçilirlər".

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu çıxışı zamanı bildirib ki, Mətbuat Şurası otağının yaradılmasında bir neçə məqsəd var: "Birincisi, Jurnalistika fakültəsi ilə Mətbuat Şurası arasında əlaqələri genişləndirməkdir. İkincisi, biz istəyirik ki, Mətbuat Şurasının üzvləri ilə fakültə və hətta universitet tələbələri arasında müntəzəm görüşlər təşkil olunsun. Bunun üçün xüsusi bir məkanın olmasını məqsədəuyğun hesab edirik. Üçüncü bir tərəfdən, Mətbuat Şurasının bəzi komissiyalarının iclaslarının fakültəmizdə təşkilinin tələbələr üçün maraqlı və əhəmiyyətli olacağını düşünürük. Çünki xüsusilə şikayətlər komissiyasının iclası birbaşa olaraq jurnalistika fakültəsində tədris olunan "KİV- in hüquqi tənzimlənməsi", "Jurnalist etikası" fənləri ilə bağlıdır. Beləliklə, tələbələr nəzəriyyədə öyrəndiklərini inkişaf etdirmək imkanı qazana bilərlər".

Son xəbərlər

Orphus sistemi