"Baku TV" Rəqəmsal Media Məktəbinin təlimçisi Report Media Məktəbinin qonağı olub

"Baku TV" Rəqəmsal Media Məktəbinin təlimçisi Report Media Məktəbinin qonağı olub "Baku TV" Rəqəmsal Media Məktəbinin təlimçisi, jurnalist Azər Cabbarov Report Media Məktəbinin tələbələri ilə görüşüb.
Media
26 İyul , 2024 16:41
Baku TV Rəqəmsal Media Məktəbinin təlimçisi Report Media Məktəbinin qonağı olub
Azər Cabbarov

"Baku TV" Rəqəmsal Media Məktəbinin təlimçisi, jurnalist Azər Cabbarov Report Media Məktəbinin tələbələri ilə görüşüb.

“Report” xəbər verir ki, A.Cabbarov Rəqəmsal Media Məktəbində reallaşan təlim prosesindən danışıb:

“Rəqəmsal Media Məktəbini yaratmaqda məqsəd gənc jurnalistlərin rəqəmsal mühitdə formalaşmasına dəstək olmaq, "Baku TV"ni peşəkar kadrlarla təmin etmək olub. Dərs prosesi üç istiqamət üzrə aparılır: Jurnalistika, Sosial Media Marketinq, texniki təlimlər. Məktəbdə diksiya, bədən dili, televiziya aparıcılığı, reportyorluq, foto və video çəkilişi, video montaj kimi sahələrə aid təlimlərdən peşəkar mütəxəssislər dərs verir”.

Jurnalist qeyd edib ki, bu gün peşəkar media rəqəmsal mühitdə digər xəbər ötürücülərini qabaqlamaq üçün daha əzmlə çalışmalıdır:

"Bir xəbəri, bir müsahibəni artıq çəkib telefonla paylaşmaq mümkündürsə, peşəkar medianın operativlikdə uduzması da realdır. Xəbərin operativliyi önə çıxanda, onun keyfiyyəti ikinci plana keçir. Əgər biz işimizi qeyri-peşəkarlardan daha yaxşı, daha fərqli edə biləcəyiksə, öndə olacağıq”.

Təlimçi Report Media Məktəbinin tələbələrinə bir neçə faydalı məsləhət də verib:

“Siz jurnalist olaraq özünüzü brendləşdirməlisiniz. İmzanız, səsiniz, geyiminiz, yazı üslubunuz ilə daha fərqli olun, çünki media qurumları, işə götürənlər seçicidir. “Sizi niyə seçməlidilər” sualını özünüzə verin və kütlədən biri olmayın. Fərqlənmək önəmlidir. Jurnalistə mütləq yüksək səviyyədə ən azı bir xarici dili bilmək lazımdır. Hər biriniz artıq SMM və SEO biliklərinə də mükəmməl sahib olmalısınız".

Azər Cabbarov 1970-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Uzun illər AzTV-də departament rəhbəri, “Space TV"də icraçı direktor, "ASAN Radio"da marketinq direktoru, “Xəzər TV"də televiziya məsələləri üzrə müşavir, "Mədəniyyət" kanalında proqram direktoru kimi bir çox vəzifələrdə çalışıb. Bakı Slavyan Universitetində televiziya jurnalistikasından dərs deyib.

2022-ci ildə yaradılan "Baku TV" Rəqəmsal Media Məktəbində ilk gündən təlimçi kimi çalışır.

Son xəbərlər

Orphus sistemi