"Baku TV RU/ Baku TV International" redaksiyalarının baş redaktoru, piar-texnoloq, jurnalist, bloqçu, yazıçı Natella Osmanlı Report Media Məktəbinin tələbələri ilə görüşdə redaktor işinin incəliklərindən danışıb.
"Report" xəbər verir ki, baş redaktor KİV rəhbərinin daim xəbər axınına nəzarət etməli olduğunu bildirib.
“Redaktor 24/7 rejimində çalışır, istirahət etməyə zamanı yoxdur. Günün istənilən anı ona zəng gələ bilər. Jurnalistika səhər 9-dan axşam 6-ya kimi iş rejiminə tabe deyil. Siz hər an xəbər axtarışındasınız”, - baş redaktor vurğulayıb.
Jurnalist Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mövzusuna da toxunub.
“Bizim cəmiyyət ermənilərlə dialoqun qurulmasına daha hazırdır. Millətçilik azərbaycanlılara xas olan xüsusiyyət deyil. Bizim ölkənin ərazisində külli miqdarda digər xalqların nümayəndələri yaşayır. Bu da Azərbaycanda etnik və mədəni müxtəlifliyin ənənəsini formalaşdırıb”, - qeyd edib.
Natella Osmanlı 1982-ci ildə Bakıda anadan olub. 2004-cü ildə "Qadın baxışı ilə" toplusunda ilk povesti dərc edilib. 2010-cu ildə "Lollipop" trilogiyasından nəşr edilmiş kitaba yazıçının "Arlekin", "Lollipop" və "Kukolniki tap" povestləri daxil edilib. 2013-cü ildə yazıçının ikinci toplusu olan "Xar tut" kitabı nəşr edilib.
Daha sonralar aparıcı, bloqçu və jurnalist kimi fəaliyyət göstərib. Uzun müddət piar-texnoloq kimi çalışıb. 2021-ci ildən Baku TV-də işləyir. Hazırda kanalın Baku TV RU / Baku TV International redaksiyalarının rəhbəridir.