Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur

Media
  • 18 noyabr, 2026
  • 17:01
Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur

Baku TV-nin Rus redaksiyası (BAKU TV RU) 18 noyabr tarixində fəaliyyətinin 5 illik yubileyini qeyd edir.

"Report" xəbər verir ki, bu müddətdə redaksiya ölkənin informasiya məkanının ayrılmaz hissəsinə çevrilib.

Redaksiya Azərbaycanda və dünyada baş verən hadisələrə dair məlumatları dünyanın müxtəlif ölkələrində rusdilli kontent izləyənlərə çatdırmaq məqsədilə yaradılıb. Beş il ərzində minlərlə süjet, yüzlərlə canlı yayım, şərh və müsahibə hazırlanıb. Kanal bu müddətdə dəyişib, böyüyüb və inkişaf edib. Lakin iş prinsipləri dəyişməz qalıb: operativlik, aktuallıq və etibarlılıq redaksiyanın fəaliyyətində hər zaman əsas yer tutub.

Qısa müddətdə kanal rəqəmsal məkanda sürətli inkişafa nail olub və auditoriyasını əhəmiyyətli dərəcədə genişləndirib. 2021-ci ildə fəaliyyətə başlayan kanalın aylıq baxış sayı 2024-cü ildə 50 milyona çatıb. Həmin il kanal 1 milyon abunəçi həddini keçərək YouTube platformasının "Qızıl düymə" (Gold Button) mükafatına layiq görülüb.

Yubiley münasibətilə redaksiya heyəti ilə görüşən "Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov kollektivi təbrik edərək bildirib ki: "Baku TV-nin Rus redaksiyası qısa müddət ərzində həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə etibarlı informasiya mənbəyi kimi özünü təsdiqləyib. Operativlik, peşəkarlıq və obyektivlik prinsiplərinə sadiq qalaraq milyonlarla izləyicinin rəğbətini qazanmaq komandanın gərgin əməyinin nəticəsidir. İnanıram ki, redaksiya bundan sonra da Azərbaycan həqiqətlərinin dünyada təbliğində mühüm rol oynayacaq və yeni uğurlara imza atacaq".

Fəaliyyəti həm ölkədə, həm də xaricdə tanınan redaksiya dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb, bir sıra nüfuzlu təşkilatların fəxri fərmanları ilə təltif olunub. Bununla yanaşı, COP29, dekolonizasiya mövzusunda konfranslar, Qoşulmama Hərəkatı və digər mühüm beynəlxalq tədbirlər müntəzəm və geniş şəkildə işıqlandırılaraq tamaşaçılara operativ və ətraflı məlumat çatdırılıb.

Bu gün BAKU TV RU YouTube kanalını 1,3 milyondan çox abunəçi izləyir. Kanalın yarandığı gündən bu günədək paylaşdığı videolar isə ümumilikdə 1 milyard 932 milyon dəfə izlənilib. Bu rəqəmlər dünyada rusdilli kontent izləyənlərin BAKU TV RU-ya göstərdiyi böyük etimadın ən bariz göstəricisidir.