Dekabrın 9-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə media savadlılığı mövzusunda məlumatlılığın artırılması məqsədilə Bakı şəhəri və regionlarda yaşayan 300 nəfərə yaxın gəncin iştirakı ilə Bakı Gənclər Mərkəzində “Media savadlılığı” konfransı keçirilib.
"Report" xəbər verir ki, konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, hazırda elektron informasiya cəmiyyətinin əhatə dairəsinin sürətlə genişlənməsi, rəqəmsal reallıq şəraitində məlumatlara əlçatanlığın asanlaşması, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını effektiv yerinə yetirməsi istiqamətində ardıcıl və təxirəsalınmaz addımların atılmasını tələb edir.
Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moteratorluğu ilə “Müasir informasiya mühitində media təhsili” mövzusunda panel sessiya keçirilib.
Panel sessiyada çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, məktəbdə və məktəbdənkənar hazırlanan və tədris edilən proqramlar, təlimlər, konfranslar, rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsinə və media məlumatlılığının artırılmasına istiqamətlənən tədbirlər gənclərin sosial-mədəni potensialının gücləndirilməsi, eləcə də cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin, həmçinin məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev diqqətə çatdırıb ki, beynəlxalq təcrübəyə nəzər saldıqda, media savadlılığının formal təhsil səviyyəsində tədris edilməsinin uşaq, yeniyetmə və gənclərin medianın mənfi təsirlərinə qarşı məlumatlılığının artırılmasında mühüm qoruyucu rol oynadığını görə bilərik.
Çıxışı zamanı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev qeyd edib ki, araşdırmalar göstərir ki, media savadlılığı üzrə göstəriciləri yüksək olan ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir.
Daha sonra “Gənclərin ictimai və sosial inkişafında media savadlılığının əhəmiyyəti” mövzusunda ikinci panel sessiya keçirilib. Panel sessiyaya moderatorluq edən “ASAN Radio”nun direktoru Emin Musavi MEDİA Agentliyi ilə birgə həyata keçirilən “Smart media” layihəsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva qeyd edib ki, media savadlılığının artırılması medianın mənfi nəticələrini minimuma endirmək, rəqəmsal platformalarda iştirakın potensial zərərli təsirlərini azaltmaq, eləcə də gənclərə rəqəmsal dünyada tənqidi istehlakçılar və yaradıcılar olmağa kömək etmək üçün ən əsas alətlərdəndir.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, qlobal informasiya mühitinin modernləşməsi bir çox həssas istifadəçi qrupları, yəni uşaq, yeniyetmə və gəncləri medianın mənfi təsirlərinin birbaşa hədəfi halına gətirir. Ona görə də, beynəlxalq təcrübədə bu sahədə görülən işlər ilkin olaraq gənclər üçün maarifləndirmə və təhsil proqramlarının icrası istiqamətindədir.
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının rəhbəri Şəfəq Mehrəliyeva media savadlılığı bacarıqlarının artırılmasının məqsədindən, media kontentinin dəyərləndirilməsi ilə bağlı geniş və davamlı xarakter daşıyan maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev son illərdə ölkədə informasiya kommunikasiya texnologiyaları sektorunun sürətlə və dinamik şəkildə inkişaf etməsinin gənclər arasında media savadlılığının artırılmasını, bununla bağlı koordinasiyalı tədbirlərin görülməsini zəruri etdiyini vurğulayıb.
Konfrans çərçivəsində MEDİA Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın təqdimatında gənclərin iştirakı ilə “Dezinformasiyaya qarşı: Faktların araşdırılması” mövzusunda vörkşop baş tutub.
Daha sonra “TEDx” formatında “#MEDİAtalks” tədbiri keçirilib. “Rəqəmsal mediada təhlükələr: Dezinformasiya və kiberzorakılıq”, “İnformasiyanın gücü və məsuliyyəti”, “Media savadlı istehlakçıların formalaşdırılması” mövzularında çıxış edən İctimai Televiziyanın aparıcısı, “Cəhənnəmdə böyük çığırtı” və “Əsir düşərgəsi” kitablarının müəllifi Vüsalə Məmmədova dezinformasiyaların müxtəlif insanların həyatında yaratdığı mənfi təsirlərdən, media savadlılığının həyatımızda oynadığı önəmli roldan bəhs edib.
Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.