Azərbaycanda televiziya və radio yayımçılarının reklam gəlirləri haqqında məlumatlar açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə məlumat Azərbaycanda audiovizual industriya bazarının 2021-ci il üzrə göstəricilərində yer alıb.
Qeyd olunub ki, 2021-ci ildə ümumölkə yayımçılarının reklam gəlirləri (ƏDV daxil olmaqla) ümumi olaraq 42.300.000 manat təşkil edib. Bildirilib ki, onlardan 35.900.000 manat - televiziya yayımçılarına (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV, Real TV), 6.400.000 manat - radio yayımçılarına (Azərbaycan Radiosu, İctimai Radio, Space Radio, Azad Azərbaycan Radiosu, 106FM, ASAN Radio, Avto FM, Radio TMB, Radio Enerji, Xəzər FM, Araz Radiosu, Media FM) aiddir.
Qeyd edilib ki, 2019-cu və 2020-ci illər ilə müqayisədə reklam gəlirlərinin əhəmiyyətli dərəcədə artması bir tərəfdən ölkə daxilində iqtisadi fəallığın artması ilə, digər tərəfdən reklam qanunvericiliyinə riayət olunmasına nəzarət sahəsində Şura tərəfindən atılmış addımların nəticəsi ilə əlaqədardır:
"Cari ilin əvvəlindən müşahidə etdiyimiz vəziyyət 2022-ci ildə yayımçıların reklam gəlirlərinin artacağını proqnozlaşdırmaq imkanı verir".
Məlumatda həmçinin vurğulanıb ki, 2021-ci il ərzində dövlət büdcəsindən yayımçılara 55.700.000 manat vəsait ayrılıb.
Bunlardan 51.700.000 manat - dövlət büdcəsindən maliyyələşən yayımçılara (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, İctimai Radio, Azərbaycan Radiosu), 4.000.000 manat - özəl (kommersiya) yayımçılara (Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, Real TV, Space Radio, Azad Azərbaycan Radiosu, 106FM, Media FM, Radio Enerji, Radio TMB) ayrılıb.