Azərbaycanda televiziya reklamları bazarı 30 faiz azalacaq - ciddi böhran gözlənilir

Azərbaycanda televiziya reklamları bazarı 30 faiz azalacaq - ciddi böhran gözlənilir Azərbaycanda medianın texnologiya baxımdan təkamülü, bununla da iqtisadi cəhətdən uğurlu inkişafı üçün zəruri olan rəqəmsal inkişaf və transformasiya bir sıra mühüm şərtlərə bağlıdır. Həmin şərtlər arasında audiovuzual sahədəki iqtisadi proseslərin başlıc
Media
23 Dekabr , 2023 14:06
Azərbaycanda televiziya reklamları bazarı 30 faiz azalacaq - ciddi böhran gözlənilir

Azərbaycanda medianın texnologiya baxımdan təkamülü, bununla da iqtisadi cəhətdən uğurlu inkişafı üçün zəruri olan rəqəmsal inkişaf və transformasiya bir sıra mühüm şərtlərə bağlıdır. Həmin şərtlər arasında audiovuzual sahədəki iqtisadi proseslərin başlıca hərəkətverici amili olan keyfiyyətli xəbər istehsalı, həmçinin əqli mülkiyyət hüququnun qorunması mühüm əhəmiyyət daşıyır.

"Report" xəbər verir ki, ölkədə televiziya tamaşaçıları arasında keçirilən son araşdırmalara əsasən, əhalinin 76 faizi peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15 faizi kabel televiziyalarının, 4 faizi isə İPTV abunəçisidir, 3 faizi də yerüstü rəqəmsal yayımlara tamaşa edir.

Digər tərəfdən qanunsuz fəaliyyət göstərən OTT platformaları üzərindən televiziyaya baxanların sayı 18 faizə çatıb, bölgələrdə sürətli internet yayıldıqca bu rəqəm daha da artacaq. Hazırda ölkə boyu qanunsuz televiziya yayımlarının fəal istifadəçilərinin sayı 300 mindən artıqdır. Qanunsuz yayımlanan internet saytlarının, OTT platformalarının (o cümlədən müxtəlif cihazlara yüklənmiş olanlar) istifadəçilərinin çoxalması orada müxtəlif reklamların yerləşdirilməsi, əslində qanunsuz reklam bazarının təşəkkülü deməkdir.

Rəsmi yayımlanan telekanallardakı reklam məzmunlarından fərqli olaraq yeni platformalar yayımlarına tamaşa edənlərə dair statistik rəqəmlər açıqlayır, habelə məşhur xarici kanallarda reklam yerləşdirmək üçün əlverişli şərtlər təqdim edirlər. Əvvəllər qanunsuz yayımlanan saytlarda bukmeyker tətbiqlərinin reklamı gedirdisə, bu gün qanunsuz OTT platformları tərəfindən teleyayım əsnasında əmtəə və xidmət reklamı formatı təklif edilir.

Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin proqnozlarına görə, təcili tədbirlər görülməsə, rəsmi yayımlanan telekanallardakı reklam bazarının həcmi 2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək, yəni 28,6 faiz geriləyəcək:

"Yaranmış vəziyyətin iqtisadi, habelə siyasi təhlükə mənbəyinə çevrilməsi göz qabağında olsa da, teleməkandakı qanunsuz fəaliyyətlərə qarşı tədbir görmək səlahiyyətinə malik aidiyyəti dövlət qurumları təsirli addım atmırlar. Həmçinin kiber təhlükəsizliyinə məsul olan qurumlar tərəfindən də teleyayım sahəsinin təhlili yoxdur.

Qanunsuz platforma istifadəçiləri risk qrupuna aiddirlər. Burada dövlət üçün aşağıdakı təhlükələr qarşımıza çıxır: qanunsuz internet platformalarından rəsmi telekanalların yayımının pozulması, lisenziyasız fəaliyyət göstərən bukmeyker platformalarının, digər qadağan olunmuş əmtəə və xidmətlərin reklamlarının rəsmi yayıma yeridilməsi, istifadəçi qurğuların virus və zərərli proqramlar vasitəsilə sıradan çıxarılması".

İctimai Birliyin məlumatına görə, qanunsuz platformaların fəaliyyəti Azərbaycanın nəinki televiziyalarına, bütövlükdə media sektorunun inkişafına dağıdıcı ziyan vura bilər.

"Odur ki, aidiyyəti səlahiyyətli qurumlar media bazarında, xüsusilə də teleyayım sahəsindəki nəzarət tədbirlərini artırmalıdır", - Rəqəmli və Audiovizual Yayım Sənayesi təşkilatından bildirilib.

Qeyd edək ki, OTT - Over the Top: internet üzərindən video xidmətlər göstərilməsi şəkli, provayderdən istifadəçinin qurğusuna şəbəkə vasitəsilə siqnalın ötürülməsini ehtiva edir.

Son xəbərlər

Orphus sistemi