Azərbaycanda rəqəmli televiziya ötürücülərinin sayı 145-ə çatdırılıb

Azərbaycanda rəqəmli televiziya ötürücülərinin sayı 145-ə çatdırılıb MTRŞ rəsmisi: "Bu ötürücülərdən 18-i Bakı şəhəri və Abşeron yarımadası ərazisindədir"
Media
8 Sentyabr , 2017 15:39
Azərbaycanda rəqəmli televiziya ötürücülərinin sayı 145-ə çatdırılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Azərbaycanda rəqəmli televiziya yayımına keçdikdən sonra ehtiyac duyulan yerlərdə rəqəmli televiziya ötürücülərinin quraşdırılması davam etdirilib və bu say 105-dən 145-ə çatdırılıb".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov bildirib. 

Onun sözlərinə görə, ötürücülərdən 18-i Bakı şəhəri və Abşeron yarımadası ərazisində olan Bakı Teleqülləsində, Zığ və Fatmayi radio-televiziya yayım stansiyalarında və Sumqayıt televiziya yayım stansiyasında yerləşdirilib: "Hazırda DVB-T standartı üzrə paket yayımı zamanı bir televiziya yayım kanalında SD formatında 10, HD formatında isə 3 kanal normal keyfiyyətdə yayımlana bilər. Analoq yayımda isə bir televiziya yayım kanalında yalnız bir kanal yayımlanırdı. DVB-T2 standartı üzrə isə bir televiziya yayım kanalında SD formatında 20, HD formatında isə 7 kanal yayımlamaq mümkündür".

İ.Məmmədov deyib ki, Azərbaycanda kodlanmamış yerüstü TV yayımında hələlik yalnız DVB-T standartı tətbiq olunur: "Buna səbəb abonentlərin bir hissəsində olan TV qəbuledicilərinin DVB-T2 standartını dəstəkləməməsidir. DVB-T2 standartı üzrə isə kodlanmış yerüstü televiziya yayımı Gəncə, Quba və Lənkəran bölgələrində həyata keçirilir". 

Son xəbərlər

Orphus sistemi