Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə cərimələrin miqdarı artırılır. “Report” xəbər verir ki, bu, yenidən hazırlanan İnzibati Xətalar Məcəlləsində əks olunub.
Layihəyə əsasən, kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə edən fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcək.
Xatırladaq ki, hazırda belə hüquq pozuntularına yol verən fiziki şəxslər 20 manatdan 25 manatadək miqdarda, vəzifəli şəxslər 60 manatdan 80 manatadək miqdarda, hüquqi şəxslər 200 manatdan 250 manatadək miqdarda cərimə edilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 7-də keçirilən iclasında yeni layihə müzakirə olunub. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə edilib.