Kiyev şəhərində “Ukrayna-Azərbaycan beynəlxalq media platforması“ adlı dəyirmi masa işə başlayıb.
“Report” UNIAN-a istinadən xəbər verir ki, hazırda Azərbaycan diasporu KİV, vətəndaş cəmiyyəti nümayəndələri ilə Ukrayna nümayəndələrinin təşəbbüs qrupu arasında iki ölkə arasında informasiya mübadiləsini inkişaf etdirmək üçün səy göstərir. Bu məsələyə həsr olunan tədbir zamanı iyunun 10-da keçirilmiş “Ukrayna-Azərbaycan: əməkdaşlıq perspektivləri” adlı beynəlxalq dəyirmi masaya da yekun vurulub.
Bununla yanaşı, Postinformasiya Cəmiyyəti İnstitutu və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu arasında Ukrayna və Azərbaycanda baş verənləri obyektiv çatdıracaq media platformasının yaradılmasına dair memorandum imzalanması gözlənilir.
Onlayn keçiriləcək dəyirmi masanın Azərbaycan tərəfindən iştirakçıları arasında “Global Media Group”un media direktoru Həmid Həmidov və “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev də var.