Xəbəri elə çatdırmaq lazımdır ki, insan onu oxuyanda yorulmasın.
"Report" xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin baş direktoru Anar Əzizov Report Media Məktəbinin tələbələri ilə görüşündə deyib.
“Jurnalist məlumatı elə təqdim etməlidir ki, sadə insan üçün anlaşılan olsun”, - o vurğulayıb.
A.Əzizov bildirib ki, xəbər agentliyində jurnalistin riayət etməli olduğu müəyyən standartlar var. “Qayçı” prinsipindən danışan baş direktor informasiyanın həm yığcam, həm də informativ olması üçün xəbərin mümkün qədər sadə və qısa formada təqdim edilməsinin əhəmiyyətini vurğulayıb.
Müasir jurnalistikanın problemlərinə toxunan A.Əzizoz xəbər başlığının rolunu da qeyd edib:
“Xəbər başlığı başımızın bəlasıdır. Başlıq uzun olmamalı və oxucunu qorxutmamalıdır. Tutarlı və lakonik olmalıdır”.
A.Əzizov jurnalistlərin eksklüziv xəbər və ya reportaj hazırlaması üçün informasiya mənbələri ilə əlaqə yaratmağının vacibliyini qeyd edib.
“Jurnalist eqoist olmamalıdır, müsahibin əhvalını başa düşməli, onun rəğbətini qazanmalı və anonim mənbələri açmamalıdır. Bir insan kimi onların da problemi ola bilər, ona görə də başqalarına düzgün yanaşmağı öyrənmək lazımdır”, - o söyləyib.
Qeyd edək ki, A.Əzizov 2003-cü ildən "İnterfaks-Azərbaycan"da çalışır. 2015-ci ildə baş redaktor, 2018-ci ildə baş direktor vəzifəsinə təyin edilib.