“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Şurası ilə birlikdə COP 29 beynəlxalq tədbirinin Bakıda keçirilməsi ərəfəsində kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında araşdırma müsabiqəsi elan edib.
Bu barədə "Report"a Mətbuat Şurasından məlumat verilib.
Bildirilib ki, müsabiqə üzrə 4 istiqamət nəzərdə tutulur: Azərbaycan nəqliyyat sektorunda ESC prinsipləri - ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetməyə keçid, ekoloji təmiz dəmir yolu nəqliyyatı: Azərbaycan dəmir yollarının inkişaf trendləri, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid- qabaqcıl dünya təcrübələrinin Azərbaycanda səmərəli tətbiqi, COP 29 və öncəsi: dayanıqlı inkişaf modelini seçən Azərbaycanda iqlim təşəbbüsləri.
Qeyd edilib ki, müsabiqəyə hazırlıq çərçivəsində ADY jurnalistlərin müsabiqənin müvafiq mövzuları üzrə bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndici sessiya keçirəcək, sahəvi mentor və qruların iştirakı ilə davamlı görüşlər təşkil edəcək.
4 istiqamət üzrə qaliblərin hər biri 4 yer olmaqla I yer üzrə 1000 manat, II yer üzrə 700 manat, III üzrə isə 500 manat alacaq. 10 iştirakçıya həvəsləndirici mükafatlar təqdim olunacaq. Qaliblərinin adları iyul ayının 15-dək açıqlanacaq.
Məlumatda həmçinin iyunun 1-dən iyulun 1-dək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq analitik yazılar, müsahibələr, həmçinin, telekanallarda efirə verilmiş video-materiallar, video-çarxların buraxılacağı vurğulanıb. Dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.