ADA-nın tələbələri “Kaspi” qəzetində olublar

ADA-nın tələbələri “Kaspi” qəzetində olublar Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə ADA Universitetinin yazılı medianın problemləri və yeni şəraitə transformasiyası ilə bağlı araşdırmalar aparan tələbələri "Kaspi” qəzetinin redaksiyasında olublar.
Media
15 Mart , 2022 15:33
ADA-nın tələbələri “Kaspi” qəzetində olublar

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə ADA Universitetinin yazılı medianın problemləri və yeni şəraitə transformasiyası ilə bağlı araşdırmalar aparan tələbələri "Kaspi” qəzetinin redaksiyasında olublar.

"Report" xəbər verir ki, tələbələr qəzetin rəhbərliyi ilə görüşüb araşdırmaları ilə bağlı suallarını ünvanlayıblar.

Qeyd edilib ki, aparılan araşdırmalar nəticəsində hazırda Azərbaycanın çap mediasının üç əsas probleminin olduğu qənatinə gəlinib. Birinci problem satışla bağlı işlərin qaydasında olmamasıdır. İkinci problem qəzetlərin satışı və təbliği ilə bağlı marketinq alətlərindən kifayət qədər istifadə olunmamasıdır. Üçüncü problem isə qəzetlərin məzmunu ilə əlaqədardır. Bildirilib ki, aparılan araşdırmaların nəticələri agentliyə təqdim olunacaq.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev hazırda Azərbaycanda qəzetlərin yayımı ilə bağlı problemlərin mövcud olduğunu deyib. Bildirilib ki, hazırda yayım infrastrukturu, demək olar ki, yox səviyyəsindədir, abunə ənənələri sıradan çıxıb. Vaxtilə metro keçidlərində, əhalinin gur olduğu yerlərdə qəzet satışı həyata keçirilirdisə, hazırda bu imkanlar yoxdur. Bu isə ümumilikdə qəzetlərin satış işinə mənfi təsir göstərir. Buna görə də qəzetlərin marketinq alətlərindən istifadə etmələri ilə bağlı problemlər mövcuddur. Bundan əlavə, ölkədə oxu mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı da işlər görülməlidir. Baş redaktor qeyd edib ki, çap mediasının yaşadığı problemləri geridə qoyması üçün dəstəyə ehtiyacı var. İ.Quliyevin fikrincə, informasiya təhlükəsizliyi baxımından da qəzetlərin xüsusi əhəmiyyəti var. Belə ki, internet mediada məlumatların saxlanması, həmin məlumatlara çıxış imkanları yazılı mediada olduğu qədər deyil. Adi bir texniki problem bu resurslardakı məlumatlara çıxış imkanını məhdudlaşdıra bilər. Yazılı media isə bu baxımdan daha etibarlıdır.

"Kaspiy-rus” qəzetinin baş redaktoru Vyaçeslav Sapunov Azərbaycanda qəzet mədəniyyətinin qorunub saxlanmasına ehtiyac olduğunu vurğulayıb. O qeyd edib ki, müxtəlif alətlərdən istifadə etməklə qəzetləri qoruyub saxlamaq, oxucu sayını artırmaq lazımdır. Müstəqillik illərinin mətbuat tarixinə nəzər salan baş redaktor qeyd edib ki, internet medianın həyatımıza daxil olmasından sonra qəzetlər çox çətin günlər yaşayırlar. Amma yeni reallıqlar şəraitində də qəzetlərin yaşadılması mümkündür. Baş redaktor yayım infrastrukturu ilə bağlı problemlərin həll edilməsinin vacibliyini vurğulayaraq, bu sahədə araşdırmalara ehtiyac olduğunu deyib. Əlavə edib ki, xüsusilə də "Kaspi” kimi böyük tarixi olan qəzetlər qorunub saxlanılmalıdır.

Son xəbərlər

Orphus sistemi