Bakı. 19 sentyabr. REPORT.AZ/ "Azərbaycan kinosunun inkişafı ilə bağlı yeni proqram hazırlanır".
"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev fəxri ad almış mədəniyyət xadimlərinə orden və medalların təqdim olunması mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan kinosunun inkişafı üçün lazımi işlər görülür: "Proqram hazırda Mədəniyyət Nazirliyi və bir neçə qurumlarla birlikdə hazırlanır. Biz bunu təklif edəcəyik. Hesab edirəm ki, ikiillik kiçik çətinliklərdən sonra yenə də biz normal vəziyyətə qayıdacağıq".
Nazir bildirib ki, bu çətinliyi təkcə Azərbaycan kinosu yox, bütün cəmiyyət yaşayır: "Bu, dünya iqtisadi qanunlarına uyğun olaraq, Azərbaycanın məruz qaldığı çətinliklərdir. Dövlət başçısının siyasəti ona görə güclüdür ki, dünyada cərəyan edən iqtisadi böhranların içində Azərbaycan sabit ölkədir. Nazirliyin, sizin hər birinizin fəaliyyəti daim Prezidentin diqqətindədir. Dövlət hər zaman sizə dəstək olacaq".