Yuxarı

Mədəniyyət Nazirliyi: Gürcüstanla birlikdə “Keşikçidağ”da tədbirlər keçiriləcək

Mədəniyyət Nazirliyi Gürcüstanla birlikdə ​“Keşikçidağ”da tədbir keçir

Mədəniyyət Nazirliyi “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Gürcüstan ilə birlikdə tədbirlər keçirməyi planlaşdırır.

Nazirlikdən “Report”a bildirilib ki, bu ilin sentyabr ayının sonunda Mədəniyyət Nazirliyi Ağstafa rayon İcra hakimiyyəti ilə birgə Azərbaycan Prezidentinin sərəncamı ilə 2007-ci ildə Dövlət Tarixi-Mədəniyyət qoruğu elan olunan “Keşikçidağ” Qoruğuna yürüş təşkil edib və tədbir sentyabr ayında məhz “Avropa İrs günləri” çərçivəsində baş verib.

Qeyd olunub ki, yürüşün əsas məqsədi bu tarixi mədəni abidənin ortaq Avropa irsimiz olduğunu nümayiş etdirmək və onu qorumaq üçün səylərimizin gücləndirilməsinə vurğu etməkdən ibarət olub: “Azərbaycan bu kimi abidələrin gələcəkdə həm YUNESKO, həm də digər formatlar çərçivəsində Azərbaycanın və dünyəvi mədəni dəyərin nümunəsi kimi təqdim edilməsi istiqamətində tədbirlər həyata keçirməyi planlaşdırır.

Məlumat üçün bildiririk ki, Nazirlik tərəfindən mütəmadi olaraq həm "Avropa İrs Günləri", həm də “Ümumdünya Abidələrin qorunması” günü çərçivəsində bir çox qoruq və abidələrin ərazisində, xüsusilə də Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və digər qoruq ərazilərində təbliğat və təşviqat tədbirləri həyata keçirilir. Layihə çərçivəsində qoruqlarda “açıq qapı” günü təşkil olunur, mədəni irsimizin qorunmasına həsr olunan sərgilər açılır və s. Burada əsas məqsəd abidələrin qorunması, bu məsələdə vətəndaş-dövlət həmrəyliyinin gücləndirilməsi, onların tarixi və dəyəri barədə ictimaiyyətin məlumatlandırılmasıdır.

Azərbaycan və gürcü xalqlarının tarixi yaddaşı və mədəni irsi mehriban qonşuluq və dostluq ənənələrinə söykənir və bu əlaqələr bundan sonra da xalqlarımızın birliyi və tarixi-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi naminə yüksək səviyyədə inkişaf edəcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi