Yuxarı

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi keçirilir

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi keçirilir
Tədbir mayın 27-dək davam edəcək
© Report

İstanbul. 24 may. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində, Dəniz Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə sərgi keçirilir.

"Report"un Türkiyə bürosunun məlumatına görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.

Sərgidə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valiliyinin nümayəndələri, Beşiktaş bələdiyyəsin sədri, dövlət rəsmiləri, İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, QHT və KİV təmsilçiləri iştirak ediblər. 

Tədbirdə türkiyəli və azərbaycanlı rəssamların əsərləri nümayiş olunub. 61 rəssamın qatıldığı sərgidə ümummilli lider Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, eləcə də Qafqaz İslam Ordusunun komandanları və onların rəşadətini əks etdirən portretlər nümayiş olunub. 

Sərgidə qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyə hökümətinin dəstəyi ilə buraxılan, üzərində Azərbaycanın milli atributları əks olunan 20 türk lirəsi məbləğində gümüş sikkələr hədiyyə edilib.

Qeyd edək ki, yubiley sikkələrinin eskizlərini hazırlayan İstanbul Yedditepe Universitetinin professoru Rafiq Əziz bu fəaliyyətinə görə "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Sərgi mayın 27-dək davam edəcək.

Vüsalə Abbasova 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi