Yuxarı

Fərhad Vəliyev: "Bakı KVN-i komaya düşüb" - MƏQALƏ

Fərhad Vəliyev: "Bakı KVN-i komaya düşüb" - MƏQALƏ
Bakı yığması KVN komandasının diqqətinə: Böyüklərə, ağsaqqallara müraciət edin

Bakı. 15 yanvar. REPORT.AZ/ Fərhad Vəliyevin "Bakı yığması" KVN komandası haqqında məqaləsini təqdim edirik:

Deyirlər, ötən əsrin 70-ci illərinin sonlarında - 80-ci illərinin əvvəllərində doğulan uşaqların nəsli "itirilmiş" nəsildir. Bu fikirlə müəyyən mənada razılaşmaq olar, çünki onların şüurlu vaxtı (10-15 yaş) bir vaxtların əzəmətli dövlətinin dağılması, gələcək qüdrətli Azərbaycanın isə təzə-təzə ayaq üstdə dayanmağa başladığı zamana düşüb. Dünya dəyişib. Həyat da dəyişib. Çətin, lakin maraqlı idi. Məktəbə gedər, futbol oynayar, "Sega" konsolunda oynamaq üçün kompüter salonlarına qaçar, ingilis dilini "Bonk" üzrə öyrənər, Çingiz Abdullayevin "Mavi mələklər" əsərini oxuyardıq. Bizdə sosial şəbəkələr, mobil telefonlar, "iPad"lər yox idi. İndi sizdə olanlar yox idi bizdə. Bu siyahını xeyli uzatmaq da olar. Amma yenə də bizim "itirilmiş" nəslin bir oyunu var idi, onunla yaşayardıq, o, bizə dostluq etməyi, qalib gəlməyi öyrətmişdi. Bu oyunun adı "Bakılı oğlanlar"ın ikinci heyəti ilə Azərbaycanda yenidən canlanan KVN-dir (Şən Hazırcavablar Klubu - red.). Onun sayəsində həmin çətin anlarda birləşməyə səbəbimiz olurdu. Hamımız özümüzü sadə "Bakılı oğlan" kimi hiss edirdik. Hər həyətin öz Bəhramı, hər sinfin öz Vadosu, kimisi Elçinin və ya Ənvərin səsi ilə oxumağa cəhd edirdi, ya da məktəbdə Anar kimi (Allah ona rəhmət eləsin) şeflik edirdi. Bəli, məhz adlar, soyadsız. Çünki "Bakılı oğlanlar"ın hər bir üzvünü böyük qardaş-dost hesab edirdik, hərçənd, onları şəxsən tanımırdıq. Biz onlara azarkeşlik edirdik. Onlar olmaq istəyirdik. Onlar olurduq. "Bakılı oğlanlar"ın Soçidəki ilk çıxışı, Moskvadakı ilk oyun, YerMİ (Yerevan Tibb Universitetinin komandası - red.) ilə final, növbəti mövsümdə finalda oğurlanmış qələbə. Hamımız orada idik. Ruhən. Fikirlərimizlə. "Bakılı oğlanlar"ın sayəsində Rusiya televiziyasında düşmənlərimiz üzərində qələbə qazanmağa başladıq. Düşmən üzərində həm cəbhədə, həm də milyonlarla izləyicinin gözü önündə efirdə qələbə qazanmaq əla idi. Bundan yaxşı nə ola bilərdi?

KVN sayəsində Azərbaycanın Abdulov, Yankovski, Yarmolnik, Pelş kimi dostları oldu. Rusiyada Azərbaycanın istedadlı şəxslərin ölkəsi olduğunu, Qarabağın əslində düşmənlərimizin təqdim etdiyi kimi Ermənistan yox, Azərbaycan torpağı olduğunu başa düşməyə başladılar. "Bakılı oğlanlar" yalnız doğma Azərbaycanda yox, həm də Rusiyanın uzaq guşələrində sevilməyə başlandı. Və düşündük ki, həmişə belə olacaq. Ancaq müəyyən vaxt keçəndən sonra "Bakılı oğlanlar" Moskvada KVN oynamağı dayandırdılar. Onlar özlərini başqa sahələrdə tapdılar. Rusiyada televiziyada onları unutmağa başladılar. Onların ayrılmasından sonra yaranmış vakuumu tədricən düşmənlərimiz doldurdu. Buna baxmayaraq, biz gözləyirdik. Yeni komandanın ortaya çıxacağı anı gözləyirdik. Özü də ilk vaxtlar "Bakılı oğlanlar"ın rəhbərliyi altında KVN üzrə tələbələrarası çempionatlar keçirilirdi. "Mersi Baku", "Legion", "Nostalji", "Cənab Akademiklər" kimi maraqlı komandalar var idi. Bu komandaların aktyorlarından çox yaxşı komanda yaratmaq olardı. Amma ya heç kim belə komanda toplamaq istəmədi, ya da bunu edə biləcək şəxs olmadı. Daha bir müddət keçdi. Oğlanlar kişi oldular. Bakıda KVN çempionatları keçirilməsi dayandırıldı. AMİK Beynəlxalq Liqalarında təmsil olunmadıq. Bakı KVN-i komaya düşdü. Uzun illər belə davam etdi. Və budur, artıq yeni bir ümid görünür - Azərbaycanı təmsil edən KVN komandası, "Bakı yığması" komandası. Hamı Bakı KVN məktəbinin ənənələrini ən yaxşı şəkildə davam etdirəcək oğlanların ortaya çıxmasına, yenidən Moskvada təmsil olunacağımıza, Rusiya telekanallarında yenidən doğma simaları görəcəyimizə və Bakı KVN-inin reanimasiyadan çıxacağına sevinirdi. Ancaq bütün bunlar yalnız ümid olaraq qaldı. Yeni komandanın ilk uğursuzluqlarını təcrübəsizliklə əlaqələndirmək olardısa, onların növbəti uğursuz çıxışlarını necə izah edə bilərik?! Niyə əvvəlki kimi gülməli deyil? Niyə belə bayağıdır? Özünüz öz etdiklərinizi bəyənirsiniz? Musiqi festivalında "Qara Kiçik Kivin" ilə mükafatlandırıldığınızı söyləmək lazım deyil. Bu gülməli deyil. "Bakılı oğlanlar"ın "Kivin"ləri olmasa da, onlar daha yaxşı oxuyur və zarafat edirdilər. Zarafatcıl-atmacalı ssenarilər yaza bilmirsiniz, normal müəlliflər dəvət edin. Məgər ölkənizi bu formada təmsil etdiyinizə görə utanmırsınız?

Bakı KVN-i hələ də komadadır və siz onu tamamilə öldürürsünüz. Bunu etməyin. Dayanın. Onu canlandırın. Böyüklərə, ağsaqqallara müraciət edin. Vaxtilə Azərbaycan KVN-ini canlandıran, ölkəsini Rusiyada təmsil edən insanlara - Bəhram Bağırzadəyə, İmanov qardaşlarına, Murad Dadaşova, Timur Vaynşteynə, Elçin Əzizova, Azər Məmmədova, Mehdi Mirsəlimova, Vado Korovinə, Cavid İmamverdiyevə müraciət edin. Bəli, artıq onlar yaşa dolublar. Hərəsinin öz şəxsi həyatı, layihəsi var. Ancaq qəlbən onlar hələ də həmin "Bakılı oğlanlar"dır. Onlar elə həmin Bəhram, Tahir, Cabir, Timadır. Onlar ölkələrinə biganə deyillər. Onlar sizə kömək edəcəklər. Biz hələ də sizə inanırıq. Balaş Qasımov, Rövşən Əsgərov, Dima Avdeyenko, Elman Talıbov, Günel Babayeva, Roman Orkodashvilidən nümunə götürün. Bu uşaqlar Azərbaycanı layiqincə təmsil edirlər və vətənlərinin mədəni-intellektual təbliği üçün səy göstərirlər. Nə edirsiniz edin, amma bizim KVN-i öldürməyin! Onu canlandıra bilmirsinizsə, onda gedin bu sahədən. Qoy Bakı KVN-i bir qədər də komada qalsın. KVN-i onu canlandıra biləcək şəxslərə buraxın qalsın. Belə uşaqlar tapılacaq. Bu, bir, iki, üç və s. ildən sonra olacaq, amma mütləq olacaq.

Hörmətlə,

Fərhad Vəliyev

P.S.: Nədənsə elə gəlir ki, Anar Məmmədxanov sağ olsaydı, hər şey fərqli olardı. ALLAH RƏHMƏT ELƏSİN.

Aşağıdakı linkdən "Bakılı oğlanlar" haqqında çox maraqlı kitabı oxuyun.

http://www.krapiva.odessa.ua/docs/kvn/KBH_Baku.pdf

Çox hörmətli jurnalistin mənə dediyi kimi, "Bakı yığması"ndan olan uşaqlar onlar haqqında pis şey yazılmasını sevmirlər.

İnternet sayəsində "Bakı yığması" komandasının Soçidə keçirilən "Kivin Festivalı - 2018"in ilk günündə bizi yenidən üzdüyünü öyrənmək asandır:

25. "Bakı yığması"

15.19 Daha bir cəhd: Bakı səhnədədir. Yenə də manifest: "Mahnılardan imtina edirik, rəqs etməkdən imtina edirik. Stilist lazım deyil. Masajçı da lazım deyil".

- KVN-dən sonra "Səs" layihəsinə gedəcəyəm. Və orada Bilan mənə tərəf dönəcək!

- Bilan sənə tərəf dönərsə, bütün Azərbaycan səndən üz döndərəcək.

15.22 Komandaya yeni qız çağırıblar, onun üzərində zarafat yazmağa çalışıblar. Hələ heç nə alınmır. Çıxışın sonuna qədər vəziyyət dəyişmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi