UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Nepalın Katmandu vadisində yerləşən maddi mədəni abidələrin vəziyyəti haqqında hesabat dinlənilib.
“Report” xəbər verir ki, Azərbaycanın Mədəniyyət naziri
Çin, İndoneziya, Tunis, Zimbabve, Küveyt və digər ölkələrin nümayəndələri çıxış edərək Katmandu vadisindəki abidələr barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ zamanı ölkədə tarixi abidələrə xeyli ziyan dəyib və onlar dağılmaq təhlükəsi ilə üzləşib.
Bəzi ölkələrin nümayəndələri Məşvərət Şurasından Katmandu vadisinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına salınmasını təklif ediblər. Orada 40 yaxın tarixi maddi irs abidələri var.
Nepal nümayəndəsi deyib ki, Nepal 2015-ci ildən Ümumdünya İrs Komitəsinin tövsiyələrini yerinə yetirməyə çalışıb və onlarla abidənin reabilitasiyasına cəhd edib. Nepal Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına düşməkdənsə, bu işləri davam etdirməyə cəhd edir. “Biz düşünürük ki, Ümumdünya İrs Komitəsinin dəstəyi ilə birlikdə biz Katmandu Vadisində restavrasiya işlərini tamamlaya bilərik. Buna görə də bizə əlavə bir il verilməsini xahiş edirik. Bildiririk ki, restavrasiya işləri yeni konvensiya əsasında aparılacaq. Nepal hökuməti müvafiq dəstək almaq üçün artıq UNESKO-nun Ümumdünya İrs Komitəsinə müraciət edib. Söz veririk ki, konservasiya işlərini vaxtında yerinə yetirməyə çalışacağıq", - deyə o əlavə edib.
Katmandu vadisinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına salınması təxirə salınıb və Nepal hökumətinə qeyd olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı əlavə bir il vaxt verilib.
Sessiyada həmçinin Pakistanın Lahor şəhərindəki tarixi abidələr, Fort və Şalamar bağları ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, yerli hökumətin çəkmək istədiyi metro xətti şəhərdəki tarixi abidələrə ciddi zərər vura, eyni zamanda Fort və Şalamar bağlarında yaşıllıqların məhvi fauna və floraya təsir göstərə bilər. Pəncab əyalətinin paytaxtı sayılan Lahor şəhəri Ravi çayı sahilində, Hindistanla sərhədə yaxın ərazidə yerləşir. Bu qədim şəhərdəki mədəni irsin qorunması olduqca vacibdir.
Pakistanın nümayəndəsi ölkəsinin mədəni irsin qorunmasına hər zaman sadiq qaldığını bildirib. O deyib ki, cari ilin aprelində beynəlxalq missiyanın iştirakı ilə əraziyə baxış keçirilib: “Tövsiyə olunan məsələlərin bir hissəsi artıq öz həllini tapıb, digərlərinin də həyata keçirilməsi davam etdiriləcək. Yerli və beynəlxalq ekspertlərin Lahor şəhərindəki tarixi abidələrin, Fort və Şalamar bağlarında fauna və floranın qorunması, yaşıllıqların bərpası istiqamətində verilən tövsiyələrlə bağlı ölkəmiz üzərinə düşən öhdəliyi yerinə yetirmək istiqamətində ciddi işlər aparır”.
Çıxışlar zamanı Azərbaycanın Pakıstanla bağlı hesabata əlavə etdiyi dəyişikliklər müsbət qarşılanıb. Müzakirələrin nəticəsi olaraq, Pakistan hökumətinə əlavə vaxt verilib.
Sessiyada Pakistandakı Makli və Thattada yerləşən tarixi məkanlar barədə də müzakirələr aparılıb. Bildirilib ki, Pakistanla bağlı bu layihədə hər iki şəhərdəki tarixi abidələrin real vəziyyəti və onların konservasiyası ilə bağlı görüləcək işlər yer alıb. Hər iki şəhərdəki tarixi abidələrlə bağlı qərar qəbul edilib.
Müzakirə olunan növbəti məsələlər sırasında Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın qorunması istiqamətində görülən işlər yer alıb. Regionda yerləşən Çin, Şri-Lanka, Tailand, Yaponiya, Özbəkistan, İndoneziya, Banqladeş, Nepal və digər ölkələrdə aparılan işlərin tarixi irsə mənfi təsirləri açıqlanıb.
UNESKO-nun Ümumdünya İrs Mərkəzi və ICOMOS-un nümayəndələri çıxış edərək Səmərqənddə olan tarixi abidələrin vəziyyəti ilə bağlı fikirlərini səsləndiriblər. Qeyd olunub ki, Səmərqənddə yaradılmaqda olan turizm zonası ilə bağlı bəzi abidələrin vəziyyəti narahatlıq doğurur və üzv dövlət bu layihə ilə bağlı məlumatları vaxtında komitəyə təqdim etməyib. Yaxşı olardı ki, tez bir zamanda şəhərin baş planı haqqında komitəyə məlumat verilsin.
Bildirilib ki, Özbəkistan hökuməti Səmərqənddə reallaşdırılan 5 mühüm layihə barədə UNESKO-ya məlumat versə də, bəzi məsələlərdə hələ də razılığa gəlinməyib.