Azərbaycanı Nyu-Yorkda təbliğ edən mərkəzdən - VİDEOREPORTAJ

Azərbaycanı Nyu-Yorkda təbliğ edən mərkəzdən - VİDEOREPORTAJ ABŞ-ın Nyu-York şəhərində Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, milli musiqisini və rəqslərini qoruyub saxlayan, eyni zamanda ölkədə təbliğ edən təhsil ocağı var.
Mədəniyyət siyasəti
11 Mart , 2020 16:15
Azərbaycanı Nyu-Yorkda təbliğ edən mərkəzdən - VİDEOREPORTAJ

ABŞ-ın Nyu-York şəhərində Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, milli musiqisini və rəqslərini qoruyub saxlayan, eyni zamanda ölkədə təbliğ edən təhsil ocağı var.

"Report"un xüsusi müxbiri Bruklin rayonunda fəaliyyət göstərən “Mənim yolum” ("My way") - Uşaq İnkişaf Mərkəzi ilə yaxından tanış olub və azərbaycanlı direktoru Alyona Bədəlova ilə söhbətləşib.

O, "Report"a deyib ki, Bakıdan 15 il öncə Nyu-Yorka gəlib: "Azərbaycanın zəngin mədəniyyətinin, musiqisinin ABŞ-da tanınmamasından dərin təəssüf hissi keçirdim. Ona görə də böyük bir layihənin icrasına başlamağa qərar verdim və 6 il əvvəl “Mənim yolum” Uşaq İnkişaf Mərkəzini təsis etdim. Bu məktəbdə təhsil alan uşaqlarla birlikdə “Azərbaycandanıq, Azərbaycanlayıq və Azərbaycan üçün çalışırıq” adlı layihə həyata keçirdik. Biz müxtəlif yaşlarda olan uşaqlarla birlikdə Qafqaz rəqsləri ansamblı qurmuşuq. Burada Azərbaycan və Qafqaz rəqslərini qoruyub saxlamaqla Amerika cəmiyyətinə tanıdır və onlara ölkəmizin zəngin və gözəl mədəniyyətini, tarixini göstəririk. Şagirdlərimiz tədbirlərə qatılır, müxtəlif əlamətdar günlərdə səhnəyə çıxırlar. Artıq ABŞ-da bizi tanımağa başlayırlar. Bu da məni çox sevindirir". 

A.Bədəlova bildirib ki, mərkəzdə işləyən müəllimlərin əksəriyyəti azərbaycanlıdır: "Hətta şagirdlərdən bəziləri ABŞ-da doğulan azərbaycanlı uşaqlardır. Tarixin bütün dövrlərində zəngin mədəniyyətə ev sahibliyi edən Azərbaycan kimliyindən, cinsindən və irqindən asılı olmayaraq hər kəsi qucaqlayır. Bu səbəbdən də sənət mərkəzinə gələn hər bir şagird məktəbimizi evi kimi mənimsəməyə başlayır”.

Eyni zamanda mərkəzdə sənət qalereyası da fəaliyyət göstərir. Onun direktoru Azərbaycan Rəssamlar İttifaqının üzvü, Bakıda ucaldılan bir çox heykəllərin müəllifi, peşəkar rəssam-heykəltəraş Emin Quliyevdir. Qalereyada müxtəlif yaşlarda şagirdlər təhsil alır. Azərbaycanlı rəssam-heykəltəraş Bruklin meri tərəfindən yeniyetmələrin inkişafına verdiyi töhfəyə görə iki dəfə Fəxri fərmanla da təltif olunub. 

Mərkəzin direktoru vurğulayıb ki, Bakıda bir neçə dəfə "Azərbaycana sevgi ilə” adlı sərgi keçiriblər: "Halbuki əsərlərin müəllifləri heç vaxt Azərbaycanda yaşamayıblar. Bununla belə, doğma vətəni təsəvvürlərində canlandırdıqları kimi tabloya köçürməyə çalışıblar. Məktəbdə təhsil alan, xüsusilə Azərbaycanəsilli uşaqlar öz tarixi keçmişlərini unutmurlar. Milli atributlarımız, zəngin təbiətimiz, tarixi abidələrimiz, yeməklərimiz, xalçalarımız, bir sözlə, Azərbaycanla bağlı hər şeyi bu şagirdlər əsərlərində canlandırıblar. Uşaqların əsərləri bir çox mükafatlara layiq görülüb. Bu, məni çox sevindirir və mənə güc verir. Hazırda daha böyük layihələr üzərində işləyirik”.

Qeyd edək ki, sənət qalereyasında təhsil alan uşaqların çəkdiyi Azərbaycanın tarixi, mədəniyyət nümunələrinin əks olunduğu rəngarəng əsərlərdən ibarət “Mənim Qarabağdan keçən yolum” adlı albom-kataloqda işıq üzü görüb.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi