Yuxarı

Azərbaycan Prezidentinin təltif etdiyi "Dostluq" ordeni Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsara təqdim olunub - FOTO

Azərbaycan Prezidentinin təltif etdiyi "Dostluq" ordeni Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsara təqdim olunub - FOTO
Ordeni və yaxa nişanını Feyzavər Alpsara Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim təqdim edib
© Report

İstanbul. 14 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin təltif etdiyi "Dostluq" ordeni görkəmli ədib, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadənin yeganə varisi - 99 yaşlı qızı Feyzavər Alpsara təqdim olunub.

"Report"un Türkiyə bürosu xəbər verir ki, ordeni və yaxa nişanını Feyzavər Alpsara Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim təqdim edib. Feyzavər Alpsarın yaşadığı evdə baş tutan təqdimat mərasimdə Hüseynzadə irsinin qorunmasında əvəzsiz xidmətləri olan, İstanbulda fəaliyyət göstərən azərbaycanlı rəssam Teymur Rzayev, Feyzavər Alpsarın vəkili Fuat Topdəmir və İstanbul Universitetinin professoru İbrahim Yıldırım iştirak ediblər.

Feyzavər Alpsar səfirə təşəkkür edərək, Azərbaycan hökümətinə ona göstərdiyi diqqətə və qayğıya görə minnətdarlığını ifadə edib: "Xoşbəxtəm. Çox sag olsun cənab Prezident, mənə göstərilən hörmətin fərqindəyəm. Azərbaycan xalqı məni unutmur, hər zaman diqqət və qayğılarını hiss edirəm. Kaş atam sağ olaydı, onunla Azərbaycana gedəydim. Onun üçün çox darıxıram".

Qeyd edək ki, ötən ay dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Feyzavər Turan Alpsarı "Dostluq" ordeni ilə təltif edib. 

Vüsalə Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi