"Ukraynanın Birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü çərçivəsində “Qobustan” Dövlət Tarix-Bədii Qoruğunda daha bir ukraynadilli audiobələdçi işə salınıb".
“Report” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbukda yazıb.
“Bu daş dövrünə aid qiymətsiz tarixi eksponatların böyük kolleksiyasını təqdim edən açıq səma altında bir muzeydir. Qobustan qayaüstü rəsmlərinin mədəniyyət landşaftı YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Layihə Ukraynanın Şamaxı şəhərindəki fəxri konsulu Mehrəli Qasımovun və Ukrayna Mərkəzinin bilavasitə iştirakı ilə həyata keçirilib. Layihənin bu cür gözəl təqdimatı Ukrayna Ticarət Evinin Direktoru Əlibala Məhərrəmzadənin sayəsində mümkün olub. "Qobustan" Dövlət Tarix-Bədii Qoruğuna, rejissor Fərid Əhmədova, operatorlar Fahir Səmədoğluna və Faiq Şirinbəyliyə, həmçinin “Movement Platform” parkur məktəbinə və şəxsən Mirəli Miriyevə xüsusi təşəkkürümüzü bildiririk”, - diplomat vurğulayıb.