Noyabrın 6-da Muzey Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Respublikası Kino Agentliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Döyüşən rəssamlar” adlı tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbir çərçivəsində "Kətan, Vətən" adlı sənədli film də nümayiş olunub. “Azərbaycantelefilm” studiyasının istehsalı olan filmdə Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olmuş dörd rəssamın – Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov və Fərid Məmmədovun döyüş xatirələri, onların müharibəyə insani və yaradıcı münasibətləri əksini tapıb.
Film boyu danışılan kövrək xatirələrin, işlənən rənglərin müşayiəti ilə 6 metrlik kətan üzərində “Zəfərə gedən yol” adlı rəsm əsəri yaranıb. Filmin sonunda göstərilən həmin rəsm əsəri bugünkü sərgidə də nümayiş olunub.
"Azərbaycantelefilm" studiyasının rəhbəri Əməkdar incəsənət xadimi Elçin Musaoğlu bildirib ki, bu günə kimi qurum tərəfindən Vətən müharibəsi mövzusunda bir sıra bədii-sənədli filmlər çəkilib. Bu mövzulu ekran əsərlərinin davamı olaraq noyabrın 8-də AzTV-də "O tərəfi kölgə" adlı bədii film nümayiş etdiriləcək.
Çıxışlardan sonra “Kətan, Vətən” filmi nümayiş olunub. Ekran işinin ssenari müəllifi və rejissoru Rövşən Nicat, layihə rəhbəri Elçin Musaoğlu, quruluşçu operatoru Elxan Rüstəmovdur.
Tədbir çərçivəsində, həmçinin Muzey Mərkəzinin Sərgi qalereyasında “Döyüşən rəssamlar” adlı sərginin də açılışı olub. Sərgidə Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov, Fərid Məmmədovla yanaşı, Pəri Əsgərova və Fəxri Musazadənin ümumilikdə 55 əl işi nümayiş etdirilib.
Sonda qonaqlar sərgi ilə tanış olublar.