Parisdə Azərbaycanın opera müğənnisinin konserti keçirilib - FOTO

Parisdə Azərbaycanın opera müğənnisinin konserti keçirilib - FOTO
Mədəniyyət siyasəti
19495
8 Fevral , 2019 04:24
Parisdə Azərbaycanın opera müğənnisinin konserti keçirilib - FOTO
Foto: "Report"

Paris. 8 fevral. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə azərbaycanlı opera müğənnisi, dramatik tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazovun konserti keçirilib.

"Report"un Qərbi Avropa bürosu bildirir ki, konsertdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Frasua Mansel və digər rəsmi şəxslər iştirak ediblər.

Müğənninin fransalı musiqi həvəskarlarına təqdim etdiyi repertuarında Qara Qarayevin, Sergey Raxmaninovun, Pyotr Çaykovskinin və digər dahi bəstəkarların əsərləri yer alıb. Y.Eyvazovu pianoda Enriko Reggioli müşayiət edib. Azərbaycanlı müğənninin ifası izləyicilərin alqışları ilə qarşılanıb. Konsert Parisin ən mötəbər konsert zallarından olan “Gaveau“da keçirilib.

Qeyd edək ki, müğənninin möhtəşəm ifası bu günədək Vena, Berlin, Nyu-York, Parisin Bastiliya kimi dünyaşöhrətli opera zallarında səsləndirilib.

Daha əvvəl bildirilib ki, opera ulduzları Yusif Eyvazov, Anna Netrebko, Andrea Bocelli Olqa Peretyatko iyunun 4-də Dövlət Kreml Sarayının səhnəsində birgə konsert verəcəklər.