Qobustan Milli Tarix Bədii Qoruğunda "Yurdda bayram” adlı tərəkəmə festivalı keçirilib.
"Report" xəbər verir ki, tədbirin açılış mərasimində mədəniyyət naziri Anar Kərimov və digər rəsmi şəxslər də iştirak ediblər.
Nazir festivalın əhəmiyyətindən danışıb. O deyib ki, Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusu ədalətsizliyə son qoyub: “Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu ədalətsizliyə son qoydu. Biz göstərdik ki, Azərbaycan xalqı, ümumiyyətlə Türk dünyası ədalətsizliklə barışan, boyun əyən xalq deyil. Tarix göstərir ki, Türk dünyası hər zaman dünyaya ədalət, nizam, barışıq gətirəndir”.
O bildirib ki, bu tədbir Azərbaycan xalqının tarixi köklərə, adət-ənənlərə bağlı olduğunun sübutudur: “Əminəm ki, belə tədbirləri tək Qobustanda yox, azad olunan Qarabağda da keçirəcəyik. Bundan sonra hər il belə tədbirlərin keçirilməsini planlaşdırırıq. Həmçinin belə tədbirlərlə turist axınına da nail olacağıq. Çox şadam ki, burada qazilərimiz iştirak edir. Onlara sonsuz təşəkkür edirəm, var olsunlar. Allah onları qorusun, şəhidlərimziə rəhmət etsin. Yaşadığımız tarixi günləri onlara borcluyuq”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Qobustan Milli Tarix- Bədii Qoruğunun təşkilatçılığı ilə baş tutan festivalın məqsədi zəngin elat mədəni irsini təbliğ etmək, iştirakçıları onların həyat tərzi ilə canlı şəkildə tanış etməkdir.
Festivalın proqramına "Yurd" musiqili kompazisiyanın nümayişi, xalçaçılıq və zərgərlik nümunələrindən, o cümlədən, tərəkəmələrin məişətini, yaşayış tərzini, təsərrüfatını əks etdirən nümunələrdən və milli geyimlərdən ibarət sərginin nümayişi və xeyriyyə məqsədi ilə Daun sindromlu uşaqların əl işlərindən ibarət sərgi-satışın həyata keçirilməsi daxil edilib.
Festival çərçivəsində iştirakçılar festival meydanında qurulmuş Tərəkəmə obasındandakı çadırlarda tərəkəmələrin yeyinti məhsulları və təsərrüfat həyatı, onların mətbəx mədəniyyəti ilə tanış olublar və zəngin tərəkəmə süfrəsinin yeməklərindən dadıblar.
Bundan başqa, tərəkəmələrin maldarlıq təsərrüfatına aid heyvanlardan ibarət təmaslı mini zooparkla tanışlıq və uşaqlar üçün təşkil olunmuş "Oxatma meydançası" iştirakçılara maraqlı anlar yaşadıb. Tədbirin sonunda canlı musiqilər səsləndirilib. Cəngi sədaları altında kəndirbazlar və pəhləvanlar məharətlərini göstəriblər.