YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası keçirilir

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası keçirilir Azərbaycan nümayəndə heyəti sessiyada iştirak edir
Mədəniyyət siyasəti
29 İyun , 2015 20:05
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası keçirilir

Bakı. 29 iyun. REPORT.AZ/ İyunun 28-dən iyulun 8-dək Almaniyanın Bonn şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası keçirilir.

"Report" xəbər verir ki, sessiya "İrs naminə birləşək!" şüarı altında keçirilir. Tədbirdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, YUNESKO üzrə milli Komissiyanın nümayəndəsi iştirak edir.
Açılış mərasimində YUNESKO-nun baş direktoru İrina Bokova, Almaniyanın xarici işlər üzrə dövlət naziri M.Böhmer, YUNESKO baş konfransının sədri Hao Ping, YUNESKO-nun İcraiyyə Şurasının sədri Muhammad Amr çıxış edib.

Sessiyada dünya mədəni irsinin qorunmasının vacibliyi, bu istiqamətdə ölkələrarası əməkdaşlığın təşviqi, münaqişə zonalarında abidələrin və tarixi məkanların mühafizəsinin olduqca əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Komitənin gündəliyində duran əsas məsələlər üzv dövlətlər tərəfindən Ümumdünya İrs siyahısına daxil edilməsi məqsədilə təqdim edilən yeni abidələrin nəzərdən keçirilməsi və artıq sözügedən siyahıya daxil olan abidələrin qorunma səviyyəsinin yoxlanılması, eləcə də hazırda münaqişə zonalarında məhv edilən abidələrin qorunması istiqamətində atıla biləcək mümkün addımların və s. məsələlərin müzakirəsidir.
Komitənin hazırkı sessiyası dünyada mədəni abidələrin məqsədyönlü şəkildə dağıdılması fonunda keçirilir və məhz bu səbəbdən YUNESKO-nun diqqəti xüsusi olaraq bu məsələyə yönəlib.

Sessiya çərçivəsində YUNESKO-nun baş direktoru xanım İ.Bokovanın iştirakı ilə "İrsin Qorunması naminə Global Koalisiya" adlı təşəbbüsün təqdimat mərasimi keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın İçəri şəhər, Şirvanşahlar Sarayı kompleksi və Qız Qalası, həmçinin Qobustan tarixi-bədii Qoruğu YUNESKO-nun Ümumdünya İrsi siyahısındadır. Hazırda ölkəmizin digər tarixi-mədəni abidələrinin bu siyahıya daxil edilməsi üçün iş aparılır.

Son xəbərlər

Orphus sistemi