Yuxarı

Yaqub Mahmudov: “Keşikçidağ” Azərbaycan torpağıdır"

İnstitut direktoru bildirib ki, “Keşikçidağ” qədim Azərbaycan-alban məbədidir

Bakı. 6 oktyabr. REPORT.AZ/ “Keşikçidağ” Azərbaycan torpağıdır və bu gün də Azərbaycan ərazisindədir.

Tarix İnstitutundan "Report"a verilən məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov oktyabrın 5-də keçirilən Elmi Şuranın iclasında çıxışı zamanı deyib.

İclasda Y.Mahmudov Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncamı və AMEA-nın Rəyasət Heyətinin qərarı ilə bağlı institutun tədbirlər planı haqqında şura üzvlərinə ətraflı məlumat verib.

Elmi Şuranın iclasında institutda Təhsil şöbəsinin yaradılması, görkəmli səfəvişünas alim Oqtay Əfəndiyevin 90 illik yubileyinin keçirilməsi, institutun əməkdaşlarının monoqrafiya və məqalələrinin çapa məsləhət görülməsi haqqında qərar verilib.

Çapa məsləhət görülmüş monoqrafiyalar arasında tarixçi-alimlər İradə Bağırova və Sevinc Əliyevanın “Şimali Qafqazın türk xalqlarının tarixi”, Kamran İsmayılovun “Naxçıvan regional hərbi-siyasi proseslərdə (1917-1920-ci illər)”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi İmaş Hacıyevin “Keşikçidağ” mağara-məbədlər kompleksi və s. adlı mühüm kitablar var.

İnstitut direktoru bildirib ki, “Keşikçidağ” qədim Azərbaycan-alban məbədidir: “2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə “Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılıb. Prezident şəxsən özü qoruğun açılışında iştirak edib”.

Daha sonra Elmi Şuranın iclasında direktor müavinləri Cəbi Bəhramov və Tofiq Nəcəfli institutun çapa hazırladığı “Zəngəzur tarixi” və “Şəki tarixi” adlı fundamental kollektiv monoqrafiyaların vəziyyəti barəsində şura üzvlərinə məlumat veriblər.

İclasda bildirilib ki, Tarix İnstitutunun təşkilatçığı ilə II Azərbaycan Elm Festivalı çərçivəsində Şəki tarixinə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulub.

Sonda Tarix İnstitutunda yeni yaradılmış “İctimaiyyətlə əlaqələr” şöbəsinin təqdimatı keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi